Çingiz Qənizadə seçicilərə çağırış etdi

AzNews.az xəbər verir ki, millət vəkili Çingiz Qənizadənin İmişli və Beyləqanda seçicilərlə görüşləri başa çatıb.


Sentyabrın 16-dan etibarən seçicilərlə görüşlərə başlayan millət vəkili Ç.Qənizadə İmişli və Beyləqan rayonlarında seçki dairəsi ərazisində yerləşən kəndlərdə keçirdiyi görüşləri sentyabrın 29-da yekunlaşdıraraq Bakıya qayıdıb.

Millət vəkilinin seçicilərlə keçirdiyi görüşlər İmişlinin 24, Beyləqanın isə 16 kəndini, ümumilikdə 40 kəndi əhatə edib.

O, İmişli və Beyləqan rayonlarında yeni məktəblərin açılışı, yolların asfaltlaşdırılması, kəndlərə mavi qazın verilməsi, kəndlərin işıq təchizatının yaxşılaşdırılması, Kür və Araz çaylarından və qrunt sularından əziyyət çəkən vətəndaşlar üçün yeni evlərin tikintisi və bərpası, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində yeni iş yerlərinin açılması və s. məsələlərin həllinin 2009-2013-cü illər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırıldığını, əldə olunan bütün bu nailiyyətlərin Prezident İlham Əliyev tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu seçicilərinin diqqətinə çatdırıb.

Dövlətin gənclərə göstərdiyi diqqət və qayğını xüsusilə qeyd edən deputat, onların təlim-tərbiyəsi, maariflənməsi, sağlam böyüməsi istiqamətində görülən işləri – yeni istifadəyə verilən uşaq bağçalarını, məktəbləri, idman və sağlamlıq komplekslərini Azərbaycan gəncliyinə bəxş edilən bir töhfə kimi qiymətləndirdiyini bildirib.

Seçicilərlə görüşündə Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfüzündan, dünya dövlətləri arasında söz sahibi olmasından, Cənubi Qafqazda ən güclü siyasi və iqtisadi gücə malik olmasından bəhs edən millət vəkili əldə olunan bütün bu nailiyyətlərin ölkə başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsi olduğunu vurğulayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil olunan deputat Çingiz Qənizadə Danimarka, Finlandiya, İordaniya, Portuqaliya və Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun, TÜRKPA-nın Azərbaycan Milli Nümayəndə heyətinin üzvü, həmçinin hüquq müdafiəçisi olaraq təşkil olunan beynəlxalq tədbirlərdə iştirakı və parlamentdəki fəaliyyəti barədə də seçiciləri qarşısında hesabat xarakterli çıxış edib.

Millət vəkili seçicilərin şikayətlərini və onları narahat edən problemləri dinləyərək onların həlli istiqamətində mümkün olan variantları araşdırıb, deputatın səlahiyyəti çərçivəsində həll olunması mümkün olanları həll edib, digərləri barədə qeydiyyat aparıb, habelə vətəndaşların müxtəlif mövzuları əhatə edən suallarını ətraflı şəkildə cavablandırıb.

Həmçinin ölkəmiz üçün mühüm əhəmiyyətə malik olan 9 oktyabr - Prezident seçkiləri ilə bağlı seçicilərinə ətraflı məlumat verib. Millət vəkili Azərbaycan xalqının layiq olduğu xoşbəxt və firavan gələcək naminə seçicilərini Prezident seçkilərində aktiv iştiraka çağırıb.

Seçicilərlə keçirdiyi görüşlərdən sonra deputat İmişli və Beyləqan rayonlarında hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşüb, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparıb.

Bununla da, millət vəkili Çingiz Qənizadənin seçicilərlə 2013-cü il üçün nəzərdə tutulmuş növbəti görüşləri başa çatıb.

AzNews.az