Azərbaycanın geoekoloji xəritəsi tərtib edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu "Azərbaycanın geoekoloji xəritəsi"ni tərtib edib.

Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan ərazisi üçün 1:600000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.

Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer almışdır.

Xəritədə, həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.

Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və Yusif İsrafilov tərəfindən hazırlanmış yeni nəşr AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Geologiya İnstitutunda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub.

A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur. Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub.

Elmi Şuranın iclasında xəritə alimlər tərəfindən bəyənilib, təklif və tövsiyələr səsləndirilib.

AzNews.az