- Köhnə - Cəmiyyət
- 21 Aprel 2015 10:54
- 6 841
Usubovun 11 milyonluq radar əməliyyatıyla bağlı – RƏSMİ AÇIQLAMA
Bir müddət öncə xəbər verdiyimiz kimi, daxili işlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət edib.
O, cəriməsi ödənilməyən nazirlik avtomobillərinin cərimələrinin ödənilməsini xahiş edib. Bildirmişdik ki, R.Usubovu bunu etməyə vadar edən səbəb isə radarlardan yığılan pulların fantastik həddə -11 milyon manata çatması göstərilir. Ödənilməyən radarların əksəriyyətinin də nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınlara aid olduğu bildirilirdi.
Həmin vaxt AzNews.az-ın BU YAZIsında qeyd olunan məqamları rəsmən təsdiqləməsələr də, bu gün məsələ barədə geniş açıqlama verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Yeni Müsavat"ın sorğusuna cavab olaraq bildirib ki, müvafiq göstəriş təkcə fiziki şəxslərə deyil, həm də hüquqi şəxslərə şamil olunub: "Cənab nazir fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq əgər qayda pozubsa, məsuliyyətə cəlb olunması və çıxarılan qərar üzrə cərimənin ödənməsinin təmin edilməsi haqda göstəriş verib".
Onun sözlərinə görə, ödənilməyən cərimələrlə bağlı müvafiq tapşırıqlar Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında verilib: "Ödənməyən cərimə borcları 2 formadadır. Konkret qayda pozuntusu ilə bağlı elektron protokol yazılır, protokolda müvafiq cərimə məbləği də göstərilir. Amma müvafiq qərar çıxarılmayıb. Qərarın çıxarılmaması faktiki olaraq protokolun vətəndaşa təqdim edilməməsi ilə bağlı olur. Belədə qərar vermək mümkün olmur və müvafiq olaraq cərimənin ödənməsi də reallaşdırılmır. Belə hallar da var ki, protokol yazılıb, qərar çıxarılıb, amma vətəndaş cəriməni ödəməyib. Ödənməyən cərimənin üzərinə dəbbə pulu da gəlir. Qərar çıxarılıbsa, vətəndaş həmin cəriməni ödəməlidir. Üstündən illər keçsə də, cərimə borc olaraq qalır. İnzibati xəta aşkarlanıbsa, protokolu vətəndaşa təqdim etmək mümkün olmayıbsa və müvafiq olaraq qərar çıxarılmayıbsa, həmin məbləğ də cərimə kimi hesaba alına bilər".
K.Əliyev deyib ki, əgər vətəndaşı 1 il ərzində müəyyən edib protokolu ona təqdim etmək mümkün olmursa, bu halda inzibati xətaya xitam verilir: "Əgər protokol vətəndaşa təqdim olunursa və 10 gün müddətində cərimə ödənilmirsə, cərimənin üzərinə dəbbə pulu gəlir. 2 ay müddətinə cərimə ödənilmirsə, avtomobilin saxlanılaraq duracağa aparılması təmin edilir. 3 aya cərimə ödənilmirsə, vətəndaşın sürücülük hüququ məhdudlaşdırılır".