- Köhnə - Cəmiyyət
- 9 Oktyabr 2015 12:03
- 45 132
Azərbaycanlıları saxta sənədlərlə Avropaya qaçıranlar – Şok sənədlər+Foto
Hər gün onlarla adam qaçıranlar günə 30 min qazanır
"Avropa əksəriyyət azərbaycanlılar üçün cənnətə açılan qapıdır". Yəqin xatırlayırsınız, Müsyo Jordanın Şahbaz bəyə Fransa haqqında dediklərini.
AzNews.az xəbər verir ki, Aradan keçən illər azərbaycanlıların Avropa xülyasında deyəsən, heç bir dəyişiklik etməyib, üstəlik Azərbaycanın da Avropanı cənnət qapısı sayan Müsyo Jordanları yaranıb. Onlar Azərbaycanda uğur qazana bilməyən, asan dolanışıq axtaran, işləmədən, sosial yardımlar hesabına yaşamağı üstün tutan və ya sadəcə Avropanın uzaqdan görünən çılçıraqlarına qaçmaq istəyənləri həvəsləndirir, əllərindəki pullarını alır, qanunsuz yollarla xaricə göndərilməsini təmin edirlər.
DOĞRULARINI VƏTƏNDƏ BURAXIB, GEDƏN "YALAN ÇUVALLILAR"
Avropaya qanunsuz daşınan adamların böyük əksəriyyəti saxta sənədlərdən istifadə edir, özləri ilə Azərbaycan haqqında "cəhənnəm" obrazı yaradan yalançı sübutlar aparırlar. Onlar sığınacaq almaq, Avropanın qapılarını açmaqdan ötrü mütləq yalan danışmalı və bu yalanları "sübut" edən dəlillər təqdim etməlidir. Köç edənlərin çoxu Azərbaycanda təqiblərə məruz qaldığını iddia edir. Təxmini hesablamalara görə, son illər bu bəhanələrlə Avropaya sığınanların 90 faizindən çoxu heç bir təqib görməyən, yalnız ayrı-ayrı müxalifət liderləri ilə fotolar çəkdirərək, özünü təqib olunan müxalifətçi... kimi təqdim edənlərdir.
***
Amma Avropaya təkcə "müxalifətçilər" sığınmır. Avropada yaşamaq istəyənlərin və onları istiqamətləndirənlərin fantaziyası genişdir: Erməni olduğu üçün Azərbaycanda həyatı təhlükədə olan kim, islam dinini sevmədiyi üçün hər an öldürülmə qorxusuyla bağrı yarılan kim, başqa dini qəbul etdiyindən - mənsub olduğu təriqətə görə daş-qalaq olunduğunu deyən kim, cinsi azlığın nümayəndəsi olduğu üçün başına min-bir oyun açılmaq riskiylə üz-üzə qaldığını söyləyən kim və s.
Bura son zamanlar daha populyarlaşan jurnalist fəaliyyəti "köynəyini" də əlavə etmək olar. Öz fikrini belə ifadə etməyi bacarmayan xeyli "jurnalist" var ki, sığınacaq almaq üçün özlərini müxalifət qəzeti və ya müxalif yönümü olan saytların əməkdaşı kimi təqdim edirlər...
Təbii, bu "nağılların" hər biri "sübutlarla" əsaslandırılmalıdır. Bəs bu sübutları kim əldə edir və onlara təqdim edir?
Avropaya üz tutanların çoxunun yüksək təhsili olmadığını, sənədləşmə sahəsində təcrübəsiz və viza tələb olunan ölkələr haqqında məlumatlı olmayan şəxs olduğunu nəzərə alsaq, onda xeyli suallar ortaya çıxır:
1. Onlara bu saxta sənədləri kim düzəldir?
2. Bakının yolunu tanımayanlar Avropaya necə gedib çıxırlar?
3. Rəsmi iş yeri olmayan bu şəxslər viza məsələsini necə həll edirlər?...
AzNews.az-ın araşdırmasında bu suallara müəyyən qədər cavablar tapılır. Məlum olur ki, Avropaya qaçanların əksəriyyətinin saxta sənədlərini xüsusi "Turizm firmaları" hazırlayır. Ağır cinayətlər törədən bu firmalar əlbəttə başqa adla fəaliyyət göstərsələr də, özlərini çox da gizlətmirlər.
Məsələn, bu firmaların ən məşhuru, Bakının düz mərkəzində, Yusif Məmmədəliyev küçəsində (Paşa Bankla üzbəüz) yerləşir.
Ən maraqlısı, deyərdim ki, dəhşətlisi isə budur ki, həmin firma dövlət müəssisəsinin bir otağına sığınıb: Səbael rayonunun 7 saylı MİS-nin binasında. MİS-ə daxil olduqda, sağda birinci otaq məhz azərbaycanlılara saxta sənəd düzəltməyə, Avropada dövlətimiz əleyhinə mənfi imic formalaşdıranıların sayını artırmağa xidmət edir.
(Sağdakı otaq MİS sədrinə, soldakı isə saxta sənədləri hazırlayan firmaya aiddir)
Müşahidələrimizə görə firma hər gün 25-30 nəfərə saxta sənəd düzəltməklə onları Avropa ölkələrinin səfirliklərinə istiqamətləndirir.
Özünü firmanın rəhbəri kimi təqdim edən Minayə xanım bütün anketləri doldurur, sığorta sənədlərini yazır, Almaniyada və Litvada olan tərəfdaşlarından dəvətnamələr alır, müştərilərlə danışıq aparır, onlardan ödənişləri qəbul edir. Firmanın Qoşqar adlı əməkdaşı isə banklardan arayışları alır, yol məsələlərini həll edir. Samir adlı əməkdaş isə əsasən səfirliklərlə görüşləri təşkil edir.
ORTAYA YENƏ MARAQLI SUALLAR ÇIXIR:
1. Hər gün 25-30 nəfərə saxta sənəd düzəldən və bunun üçün hər kəsdən 1200-1500 AZN məbləğində ödəniş alan "Turist firması" niyə 7 saylı MİS-in binasını seçib?
2. Hər gün müxtəlif səfirliklərdən 25- 30 vizanın alınması isə hər gün 30 min manat xalis gəlir deməkdir! Bu gəlirlərdən "firma" gəlir vergisi və ya vergi ödəyirmi?
3. Turist firmasının MİS-lə kirayə müqaviləsi varmı? Varsa bu turist firması niyə anonim fəaliyyət göstərir? Niyə binanın qarşısında bir lövhə asılmayıb?
4. Niyə bu qanunsuz fəaliyyət Səbayel rayonunun ərazisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının diqqətindən yayınır ?
5. Axı çox aydın görünür ki, bir neçə ölkədə fəaliyyət göstərən bu mütəşəkkil dəstənin əməlində vergidən yayınma, dələduzluq, sənədləri saxtalaşdırma, qanunsuz fəaliyyət və saxta bank fəaliyyəti ilə məşğul olma, saxta sənədlərdən istifadə etmə və bizim bilmədiyimiz digər cinayət əməlləri də var.
6. Bu cinayətkar qrup kim tərəfindən himayə olunur?
Minayə xanımın fəaliyyətindən İqtisadi İnkişaf və Vergilər Nazirliyinin məlumatı varmı, ümumiyyətlə bu şəxs vergi ödəyicisidirmi?
***
Özünü turist firmasının rəhbəri kimi aparan Minayə xanım müştəriləri ilə 3 telefonla əlaqə saxlayır. O, müştəriləri cəlb etməyin yollarını əla bilir. Onun təbliğatı ilə çoxlu işbazlar məşğuldur. "Firmaya" hər müştəri gətirən şəxsə müəyyən faiz mütləq qaytarılır. Bu xanım başqa turizm firmalarından fərqli olaraq vizanı 1300 və daha yuxarı qiymətə deyil, nisbətən ucuz 1200-dən başlayan qiymətlərlə həm də daha çətin vizanın verildiyi ölkəyə - Almaniyaya təşkil edə bilir.
Viza almaq üçün Minayə xanım və əməkdaşları tərəfindən saxtalaşdırılan sənədlərə aşağıdakılar aiddir:
1. İş yerindən arayış (bu arayışları o müxtəlif istehsal firmalarının blanklarını saxtalaşdırmaqla əldə edir. Həmin blankda iş telefonu kimi Minayə xanımın, Samirin və Qoşqarın mobil telefonları göstərilir. Beləliklə onlar səfirliyə sənədləri təqdim olanlar haqqında səfirlikdən olan zənglərə özləri cavab verir, telefonun həmin müəssisəyə aid olmasını və təşkilatda belə işçilərinin olduğunu təsdiqləyirlər.
2. Bank hesabında 2500 və ya daha çox məbləğdə pulun olması haqqında arayış. Əlimizdə olan sənədlərə diqqət etsək görərik ki, bu sənədlərin əksəriyyətini "Bank Standart"ın mərkəzi ofisindən alırlar. Bu arayışların alınmasında bir qayda olaraq viza üçün müraciət edən şəxslər deyil, Minayənin "əməkdaşları" iştirak edir. Halbuki həmin sənədlər bank tərəfindən birbaşa şəxsin özünə verilməlidir.
3. Şəxsin getmək istədiyi Şengen müqaviləsinə daxil ölkədə otel rezerv etməsi haqqında sənəd: Bütün otellər Minayənin əlində olan bir kartla rezerv edilir. əslində məhz bu məqama viza verən şəxslər diqqət etməliydi.
4. Şəxsin getmək istədiyi ölkədən dəvət məktubu: (Bu dəvət məktubları daha çox Avropada daimi yaşayanlardan və ya müxtəlif xəstəxanalardan şəxsin müalicəyə getməsi haqqında olur).
5. Sığorta kitabçaları. Bütün sığorta kitabçalarını Minayə xanım doldurur.
Onu da xatırladaq ki, firma sığorta kitabçalarını Amrah sığortadan götürür. Çünki Minayə xanımın stolunun üstündəki qutularda Amrah sığortanın sığorta kitabçalarının olması bu təşkilatla Minayə xanımın qeyri-rəsmi də olsa, bağlılığını göstərir.
***
Bu firmaların işçiləri öz əməllərini elə ustalıqla görürlər ki, heç Şerlok Holms da onlardan baş aça bilməz. Firmanın başçısı Minayə işinin ustasıdır. O, düzəltdiyi saxta sənədlərin ələ keçməməsi üçün bütün mümkün variantları hesablayıb - hər şeyi edir. Topladığı sənədləri hətta viza üçün səfirliyə gedəndə də müştəriyə vermir. Düşünür ki, yolda sənədlərin surətini çıxara bilərlər ki, bu da onun ifşasına səbəb ola bilər. Müştəriləri işçisi Samirlə səfirliyə yola salır. Samir yalnız səfirliyin binasına girəndə saxta sənədləri müştəriyə verir ki, səfirliyə təqdim etsin.
AZƏRBAYCANLI FIRILDAQÇILAR ALMANLARI NECƏ ƏLƏ ALIR?
Bəs bu firmanın Avropada tərəfdarları kimdir?
Almaniyadan istənilən şəxsə saxta dəvətnamələri, hətta tibb müəssisələrinin adından xəstə olmayan şəxsdə olmayan xəstəliklə bağlı həkim müayinəsi üçün dəvətləri kim və necə Minayə xanıma çatdırır?
Yuxarıda göstərdiyimiz kimi, bu fəaliyyət mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilir. Sözügedən firmanın ayrı-ayrı dövlətlərdə həmin dəvətnamələri və digər sənədləri düzəldən nümayəndələri var. Firmanın Almaniya nümayəndəsi isə Elnur adlı şəxsdir.
(Elnur)
Onun təşkil etdiyi dəvətnamədən birini təqdim edirik:
Bu, Nürnberq şəhəri, Gibltzenhofstrasse 37-də yerləşən (indeks 90443) xəstəxananın həkimi, tibb elmləri doktoru Armand ver Lucadounun adından bir "xəstəyə" 30 sentyabr 2015-ci il tarixə görüşün təyin olunmasını təsdiq edən saxta dəvət məktubudur. Elnur onu əldə edib səfirliyə və Minayə xanıma çatdırır.
Araşdırma zamanı məlum olur ki, Elnur Almaniyada bir neçə xəstəxananın adından çox qısa zamanda belə dəvət məktubu təşkil edib göndərə bilir. Həmin saxta dəvətlə isə səfirlik heç bir araşdırma aparmadan viza verir. Və bu saxta dəvət məktubu əsasında səfirlikdən viza alanların sayı onlarladır.
Viza hazır olandan sonra mütləq Minayə xanımın dedikləri reyslə Gürcüstan- Budapeşt –Almaniyaya uçmaq tələb edirlər. Bunun isə səbəbini araşdıra bilmədik. Nə üçün Minayə xanım və əməkdaşları viza üçün saxta sənədlər verdiyi müştəriləri yalnız onların satdıqları biletlərdən istifadə etməyə və yalnız onların müəyyən etdikləri ölkələrdən tranzit qaydada uçmaqla təyinat ölkəsinə getməyə məcbur edir? Deməli, bu dəstəni himayə edən həm də biletlərin satışından gəlir əldə edir. Və yaxud da daha maraqlı nüanslar ola bilər. Bu nüansları isə gərək, aidiyyəti qurumlar araşdırsın.
Bəlkə də bəziləri Avropa yolunu seçəndə nə boyda risklər etdiklərinin, hansı cinayətə şərik olduqlarının fərqində olmurlar. Ola bilsin onlara sığınacaq alarkən ölkələri barədə hansı yalanları deyəcəkləri son anda bildirilir.
Amma ümumilikdə nə baş verir: bizim vətəndaş, sığınacaq almaq üçün dedikləri yalanı ömürlərinin sonunacan daşımalı olurlar: yalançı vəhhabi; yalançı cinsi azlıq; yalançı müxalifətçi və.s Yəni, Avropa eşqinə adamın özünə bəxş etdiyi ən böyük cəzalar...
Bəs adamları bu yalanlarla "silahlandırıb" milyonlar qazananlar necə, cəzalanacaqlarmı?
Hələki dövlət müsissəsində əyləşiblər, MTN Səbael şöbəsinin biraddımlığında "at oynadırlar", bankdan tutmuş, səfirliyəcən işbirliyi yapırlar...
Mövzunu davam etdirəcəyik.
Elçin
AzNews.az