- Köhnə - Cəmiyyət
- 14 Sentyabr 2018 14:17
- 4 442
Saytlar cəbhə xəbərlərini necə işıqlandırır? - Monitorinq
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnternet media resurslarında Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək” adlı layihə həyata keçirib.
AzNews.az xəbər verir ki, layihə çərçivəsində müəyyən olunmuş saytların monitorinqi aparılıb.
Dörd ay çəkən monitorinq zamanı 41830 material nəzərdən keçirilib. Həmin materialların 1489-u Dağlıq Qarabağ münaqişəsi barədə olub.
Layihə rəhbəri Asəf Quliyevə görə, rəsmi mənbələrin informasiyanı gecikdirməsi media strukturlarının sosial mediaya istinadla yayması ilə nəticələnir. Bu da sosial medianın rəsmi medianı üstələməsinə səbəb olur.
Monitorinqlər zamanı Ermənistan mediasına istinadların çoxalması da müşahidə olunan məsələlərdən biri olub. Lakin Ermənistanda müstəqil informasiya mənbəyi ilə işlənən material müşahidə olunmayıb. Bu isə o deməkdir ki, çox məşhur olan və ciddi qəbul edilən saytların Ermənistanda informasiya mənbəyi yoxdur.
Ermənistanda baş verən siyasi proseslərə həssaslıq isə baş verən məxməri inqilab zamanı daha çox müşahidə olunub. Monitorinq olunan saytların birində 12 material Dağlıq Qarabağ münaqişəsinə, 10 material ancaq Paşinyan siyasi gedişlərinə həsr olunub. Ümumilikdə 22 materialın əsas fiquru Paşinyan oldu.
İlkin müşahidələrə görə, Dağlıq Qarabağ mövzusu əsasən Ermənistanda verilən hansısa bəyanata reaksiyalar üzərində qurulur.
AzNews.az