Söhbət Türkiyənin Kastamonu şəhərindən gedir. Çoxlarının bilmədiyi, tanımadığı bu şəhərdə sözün əsl mənasında qocaman bir tarix yatır. Söhbət Türkiyənin Kastamonu şəhərindən gedir. Çoxlarının bilmədiyi, tanımadığı bu şəhərdə sözün əsl mənasında qocaman bir tarix yatır.

Övliyalar diyarı, Milli Mücadilənin qəhrəmanlıq simvolu: Kastamonu - 1-ci yazı

Söhbət Türkiyənin Kastamonu şəhərindən gedir. Çoxlarının bilmədiyi, tanımadığı bu şəhərdə sözün əsl mənasında qocaman bir tarix yatır.

Kastamonu Türkiyənin şimalında, Qara dənizlə sərhəddə yerləşir. Şəhər qədim və zəngin mədəniyyəti ilə diqqət çəkir. Məhz bu xüsusiyyətlərinə görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2018-ci ildə Kastamonunu Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edib. Bu münasibətlə ötən həftə Kastamonuda çox mühüm bir açılış mərasimi baş tutdu. Bu mərasimə, dünyanın 18 müxtəlif ölkəsindən ifaçılar və xalq oyunları qrupları dəvət edildi. Eləcə də, mərasimi işıqlandırmaq və ümumilikdə Kastamonu şəhərini dünyaya tanıtmaq üçün TÜRKSOY-a üzv ölkələrdən bir qrup media mənsubu buraya təşrif buyurdu. Həmin mərasimdə Azərbaycanı təmsil etmək mənim üçün ayrıca bir qürur idi.

  • Kastamonu Türkiyənin qəhrəman şəhəri sayılır

Şəhərin tarixi abidələri və qədim şəhər mədəniyyəti barədə sonrakı yazıda ətraflı bəhs edəcəm. İndi əsas məqsədim bu şəhər haqqında ilkin məlumatları yazmaq və tarixini xatırlatmaqdır. Öncə onu deyim ki, Kastamonu maraqlı şəhər olduğundan bizim də səfərimiz çox maraqlı alındı və bu qənaətə gəldim ki, Kastamonunu nəinki Türk dünyasının Mədəniyyət Paytaxtı, həmçinin, Turizm Paytaxtı da adlandırmaq olar. Çünki şəhərin çoxşaxəli turizm potensialı var.

Bu qədim şəhərin xüsusi özəlliklərindən biri Türkiyədə ən böyük meşə sahəsinə malik olmasıdır. Həmçinin, 170 km-lik sərhədlə Qara dənizlə ən uzun təması olan şəhərdir. Digər tərəfdən, bu şəhər Milli Mücadilə və Cümhuriyyət dönəmində logistik dəstək baxımından ən güvənilən bölgə olmaqla böyük əhəmiyət kəsb etmişdir. Özəlliklə, "İstiqlal Yolu" adı verilən yol ilə İneboludan başlayaraq Kastamonu üzərindən Ankaraya böyük miqdarda qida, geyim, pul və silah-sursat göndərişi edilmişdir. Və Kastamonu "Qurtuluş Savaşı"nda cəbhəyə ən çox əsgər göndərən şəhərdir. Bu zaman kişilərlə bərabər, qadınlar da böyük məharət nümayiş etdirib. Məsələn, Kastamonunun Cümhuriyyət Meydanında Şərifə Bacı deyilən bir Kastamonu qadınının möhtəşəm heykəl kompozisiyası yer alır. Şərifə bacı bəhs etdiyimiz dönəmdə öküzlərə qoşulmuş arabada əsgərlərə silah-sursat apararkən yolda soyuqdan donub ölmüşdür. İnsanlarının mərd, qorxmaz və igidliklərinə görə, Kastamonu bu gün də Türkiyənin qəhrəman şəhəri sayılır.

  • Şəhərin qədim və zəngin tarixi

1948-ci ildə Kastamonu və ətrafında aparılan arxeoloji qazıntılar zamanı Germeç ve Gölköydə tapılan və daş dövrünə aid olan çaxmaqdaşı, əl baltaları Kastamonu və ətrafını miladdan 50 min il əvvəllərə qədər aparır.

Şəhərin adı ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Tarixi bir mənbəyə görə, Bu ərazidə Bizans imperatorlarından olan Komnenos soyu adına bir qala tikdirilib, sonradan qalanın adı ətrafda qurulan yaşayış yerinə verilib.

Makedoniyalı İsgəndərdən sonra nəzarəti ələ keçirən Pontus Krallığı 1-ci yüzillikdə Romalılar tərəfındən ortadan qaldırılıb. Beləcə, uzun illər Roma İmperatorluğu sərhədləri içərisində qalan Kastamonu 395-ci ildə İmparatorluğun bölünməsiylə bütün Anadolu kimi Bizans İmparatorluğuna (395-1227) qatılıb.

Kastamonu və ətrafı 10-cu yüzillikdə Bizans imperatoru II Basileios tərəfindən Trakyalı general Manuel Erotikos Komnenosun nəzarətinə verilir. Komnenos 978-ci ildə imperatora qarşı çıxan Bardas Sklerosa qarşı İznik şəhərini uğurla müdafiə etdiyinə görə imperatorun diqqətini çəkir. Manuel Komnenos o zamana qədər Timonion adı ilə tanınan şəhərin müdafiəsi üçün bir qala tikdirir. Qala "Kastra Komnenon" (Komnenosun Qalası) olaraq adlandırılır. Bu ad daha sonra türkcələşərək Kastamonu şəklinə düşür.

13-cü əsrə qədər Bizansın nəzarətində qalan Kastamonu 1227-1309-cu illər arasında Hüsaməddin Çobanın ətrafdakı türkmən qəbilələrini toplayaraq qurduğu Çobanoğulları Bəyliyinin idarəsi altına girmişdir. Hüsaməddin Çobandan sonra yerinə oğlu Alp Yörük və daha sonra nəvəsi Yavlak Arslan keçmişdir. Çobanoğlu Yavlak Arslan Anadolu Selçuklularının taxt davaasına qarışdığı üçün 1292-ci ildə öldürülür. Onun yerinə oğlu Mahmut Bəy keçir. O, Anadoluda hökm sürən Anadolu Səlçuklu Dövləti Elxanilər ilə savaşmaqda idi. Moğollara əsir düşən Səlçuqlu Sultanı II Qiyasəddin Məsud candarlarından komandir Temür Yaman Candar tərəfindən xilas edilir. Buna görə, sultan Temür Yaman Candara Kastamonu ərazisini hədiyyə edir. Ancaq bölgə o zamanlar hələ də Çobanoğullarının əlində idi.

Temürün ölümündən sonra yerinə keçən oğlu Candaroğlu Süleyman Paşa 1309-cu ildə Kastamonu şəhərini ələ keçirərək Çobanoğlu Bəyliyinə son qoyur. Süleyman Paşa bölgəni bir müddət Elxanilərə bağlı olaraq idarə edirdi. Elxani hökmdarı Əbu Səid Bahadır 1335-ci ildə öldükdən sonra o, Elxanilərin nəzarətindən çıxdı.

Amma Candaroğlu Bəyazid 1383-cü ildə Osmanlı Sultanı I Muraddan dəstək alan oğlu II Süleyman ilə apardığı savaşda Kastamonunu itirdi. Bəyazid Kastamonunu tərk edərək Sinopa yerləşdi və beləliklə Candaroğulları Bəyliyi ikiyə bölünmüş oldu. Sultan Muradın yerinə keçən I Bəyazid atası qədər barışçı olmadı və 1391-ci ildə Kastamonuya bir səfər təşkil etdi. Candaroğlu II Süleyman öldürüldü və Kastamonudakı Candaroğlu hükmü sona çatdı.

Bu arada Sinopda hökm sürən Candaroğlu İsfəndiyar Osmanlılarla müharibədən çəkinərək Sinopun ona buraxılması şərtiylə Osmanlılara bağlılığını bildirdi. Beləcə, Candaroğulları Bəyliyi Sinopta İsfəndiyər Bey qolundan davam etdi.

  • Çanakkala və İstiqlal savaşında ən çox şəhid verən şəhər

Nəhayət, Fateh Sultan Mehmet 1461-ci ildə Anadolu Bəyliklərini birləşdirmək üçün Trabzon Səferinə çıxdı. Fateh ilə birlikdə səfərə qatılan Qızıl Əhməd Sinopu ələ keçirdi. Candaroğullarının Sinopta qurduqları tərsanənin Osmanlı Dövlətinə qatılması və inkişaf etdirilməsi Osmanlı Donanmasına güc qatdı. Kastamonunun Küre qəsəbəsindəki mis mədənləri Osmanlı Dövlətinin top istehsalı üçün faydalı olmuşdur.

Candaroğlu dönəmində Kastamonu və ətrafında olan mis, dəmir mədənlərinin məhsulları Qaradənizin ən önəmli limanlarından olan Sinopdan yüklənməklə Ceneviz və Venedikli tacirlər arasında satılırdı. Candaroğulları bu ticarətdə üzərində iki balıq olan və "Sinop Sarayı" yazılan mis pulları istifadə edirdilər. Bu gün Kastamonuda olan tarixi hamamlar, karvansaraylar, camilər və mədrəsələrin çoxu da məhz bu dönəmdə tikirlmişdir.

Nəticə etibarilə, Kastamonu 1461-ci ildən 1922-ci ilə Qədər Osmanlı İmperiyasının nəzarətində qalmışdır. Dövr ərzində Kastamonu uzun müddət Bolu Əyalətinə bağlı olmuş və Bolu Sancağı hökmüylə idarə edilmişdir. Sultan Süleyman Qanuni tərəfindən əyalət mərkəzi halına gətirilmişdir.

Türk hökmranlığına keçdikdən sonra heç vaxt düşmən istilasına uğramayan Kastamonu Çanakkala və İstiqlal savaşında ən çox şəhid verən şəhərlərdən biridir. Şəhər təkcə Çanakkala savaşında 2527 şəhid verib. Məşhur "Çanakkala Türküsü" kastamonulu aşıq Yorğansız Hakkıya məxsusdur.

  • Şapka İnqilabı Kastamonudan açıqlanıb

Cümhuriyyətin elanından sonra Atatürk 1925-ci il 23 -31 avqust tarixləri arasında Kastamonuya 9 günlük bir gəzinti etmişdir. Atatürk bu gəzinti sırasında İneboluda "Şapka İnqilabı" olaraq anılan geyim və qiyafət inqilabını açıqlamışdır.

Bu gün isə tarixi simasını qoruyub saxlayan Kastamonunu həm də müasir şəhər adlandırmaq olar. Təmiz küçələr, yaraşıqlı evlər və çoxmərtəbəli binalar bu qədim şəhərə əlavə gözəllik qatır. Şəhərin toplam olaraq 150 min əhalisi var. Bunun təqribən 120 mini şəhərdə, 30 mini kəndlərdə məskunlaşıb. Kastamonu bitki örtüyü baxımından da çox zəngindir. Torpraqlarının 67 %-i meşə və kollarla, 29 %-i əkin-biçin ərazilərlə, 6,5 %-i çayır və otlaqlarla örtülüdür. Yalnız 1,5% ərazi kənd təsərrüfatına yararsızdır. Meşələrdə əsasən qayın, küknar, çam, qaraağaç, gürgən, şabalıd və ihlamur ağaçları var. Azdavay-Devrekani arasında isə çam ağacları üstünlük təşkil edir.

Böyük meşə ərazisinə sahib olmaqla Kastamonu odun, taxta sənayesi üzrə ixtisaslaşıb. Şəhərdə Taxta Emalı Zavodu və bir neçə fabriklər fəaliyyət göstərir. O anlama gəlməsin ki, bu münasibətlə meşəlik ərazilər məhv edilir, xeyr. Hər bir kastamonulu meşəyə qarşı çox həssasdır. Qırılan, kəsilən hər ağacın yerinə bir və ya bir neçə ağac əkməsələr, onu kəsməzlər...

Hesab edirəm ki, bu yazı ilə Kastamonunun tarixi və hazırki durumu ilə bağlı ilkin məlumatları verdim. Növbəti yazıda şəhərin mədəniyyət abidələri və tarixi yerləri ilə sizləri tanış edəcəm…

Elgün Mənsimov
Kastamonu
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description