- Köhnə - Siyasət
- 19 Aprel 2018 15:00
- 19 665
Xalq antimilli qüvvələrin yerini çoxdan müəyyən edib - Tarixin zibilxanası
Dünən Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Mərasimdə İlham Əliyev geniş nitq söylədi. Prezident bu nitqində bir növ ötən 15 ildəki fəaliyyətinin hesabatını verdi, Azərbaycanın daxili və xarici siyasətinin uğurlu nəticələrini açıqladı.
Eyni zamanda, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunduğunu və Prezident seçkiləri kampaniyasının bunu bir daha təsdiqlədiyini qeyd etdi. Bununla yanaşı, İlham Əliyev antimilli qüvvələrə də diqqət çəkdi, onların tam marginallaşdığını vurğuladı:
"Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır...".
Prezident İlham Əliyevin antimilli qruplaşmalarla bağlı bu çıxışı ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandı. Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, İlham Əliyevin bu məqama toxunması təsadüfi sayılmamalıdır:
"O səbəbdən ki, Azərbaycanın son 15 illik dövründə doğrudan da şərəfli bir yol qət edilib. Bizim dünyada analoqu olmayan inkişaf tempimiz var. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Həlledici sahə qeyri-neft iqtisadiyyatıdır, bu da 2.8 dəfə artıb. Ölkəmizin ixrac qabiliyyəti 4.1 dəfə yüksəlib. Azərbaycana 231 milyard dollar sərmayə qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır. Məhz belə bir reallıqda radikal müxalifət qüvvələri bunların heç birini görmür. Bu qüvvələr Azərbaycan iqtidarının qazandığı heç bir uğura, nailiyyətə sevinmir, əksinə, kədərlənir".
E.Nəsirov qeyd etdi ki, hər bir sivil dövlətdə normal müxalifətin olması çox müsbət haldır. Müxalifətin əsas funksiyası odur ki, iqtidarın bu və ya digər səhvlərini görsün, tənqid etsin, eyni zamanda, çıxış yolları təklif etsin. Eynilə, iqtidarın uğurlarını təqdir və müdafiə etsin. Amma bu gün Azərbaycanda radikal müxalifət, antimilli ünsürlər heç bir uğuru görmək istəmir, nəinki onu təqdir etsinlər. Deməli, bu müxalifətçilik deyil, doğrudan da antimilli ünsür olmaqdır ki, bizim Cocuq Mərcanlıya tarixi qayıdışımız zamanı həmin ünsürlərin əsas rəhbər simalarından biri öz “Facebook” səhifəsində yazmışdı ki, “görək, Cocuq Mərcanlıya neçə nəfər qayıda biləcək, qayıtsa da, görək neçə gün orda qala biləcək?!”. Yəni bu, “qayıdışınızın mənası yoxdur, getməyin” anlamına gəlir.
"Ona görə də belə antimillilərlə bağlı heç müxalifət ifadəsini də işlətmək olmaz. Müxalifətçilik iqtidara münasibətdə sivil bir davranış, tənqid üsuludur. Milli düşüncəyə, dövlətçiliyə zidd davranışlarına görə, cənab Prezident haqlı olaraq, onları antimilli ünsür adlandırdı və yerlərinin tarixin zibilxanasında olduğunu göstərdi. Çox dəqiq və anlaşılan bir ifadədir. Çünki hazırda bu qüvvələrin heç bir sosial bazası yoxdur. Keçirdikləri mitinqlərə maksimum 800-1000 nəfər toplaşır, onlar da əsasən öz qohum-əqrəbaları, dost-tanışları olur" - deyə, deputat fikrini tamamladı.
Milli Məclisin deputatı Elşən Musayev də Prezident İlham Əliyevin bu mövqeyində çox böyük həqiqətlər olduğunu dedi:
"Seçkidən danışılırsa, istəmədən də olsa, antimilli qruplaşmaların fəaliyyətini təftiş etməliyik. Ona görə ki, bir zamanlar onlar seçkidə iştirak edirdilər, daha sonra mitinq keçirmək, iğtişaş yaratmaq arzusuna düşdülər. Nəhayət, öz əqidədaşlarını, dostlarını satdılar və seçki günü yaxınlaşdıqca söyüş ritorikasına üstünlük verildi. Onların gedəcəyi ən son ünvan elə bundan ibarət idi. Mən çox təəsüf edirəm ki, əslində onlar bu yolu seçiblər. Cənab Prezidentə də tamamən haqq verirəm ki, onlar haqqında ən gözəl, ən layiq olduqları fikiri söylədi. Əslində, biz gözləyirdik ki, müxalifət bir imitasiya xətrinə də olsa, bu yola getməyəcək. Amma tam əksini gördük. Məsələn, Əli Kərimlinin timsalında deyildi ki, bu tənqidçi bir yoldur, tənqidçi siyasətdir. Guya ki, Vidadi İsgəndərlinin və qeyrilərinin söylədikləri tənqiddir. Realda isə bütün Azərbaycan xalqı gördü ki, onlar nədir və kimlərdir".
E.Musayev əlavə etdi ki, bir müddət əvvəl bu radikal müxalifət tarixin arxivində idi. Sonra öz ambisiyasının kölgəsində qaldı və ən son olaraq gəlib tarixin zibilliyinə düşdülər. İndi həmin zibbilliyin içərisində yalnız üfunət qoxmaqla, insanları zəhərləməklə məşğuldurlar. Amma cənab Prezident də doğru şəkildə ifadə etdi ki, xalq onları dəstəkləmədi, ən minimum resursları da azaldı, mitinqlərini adi piket səviyyəsində belə keçirə bilmədilər. Əksinə olaraq, Azərbaycan xalqı öz dəstəklədiyi şəxsə etimad göstərərək, onu prezident seçdi:
"Məncə, bundan sonra Azərbaycanda yeni müxalifət yetişməlidir. Səviyyəli, intellektual və qaragüruhdan uzaq bir müxalifət olmalıdır ki, heç olmasa onunla bir masa arxasında oturub söhbət eləmək mümkün olsun".
Elgün Mənsimov
AzNews.az