Polis kapitanını qətlə yetirən üç Azərbaycan vətəndaşı tutulub

Onların da daxil olduğu dəstənin Moskvada çoxsaylı cinayət törətdiyi bildirilir

Rusiya paytaxtında atışmada polis kapitanını öldürən Azərbaycan vətəndaşları yaxalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aprelin 6-de gecə saatlarında Daxili İşlər Nazirliyinin paytaxtın Krasnoqorsk rayonu üzrə İdarəsinin əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə keçirdiyi əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib.

Aralarında bir qadının da olduğu dəstə polisə təslim olmaqdan imtina edib. Onlar əməliyyatçılara atəş açmağa başlayıblar. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından hadisə yerindəcə ölüb.

Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub.

Həmin dəstənin Moskvada çoxlu sayda cinayət törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində həmin dəstənin üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaxalanan cinayətkar dəstənin üzvlərindən üçü Azərbaycan, bir nəfəri isə Belarus vətəndaşı olub. Onların üzərindən "Sayqa" markalı odlu silah götürülüb.

Yaxalanan şəxslərin adları hələlik açıqlanmır.

Rusiya İstintaq Komitəsindən cinayət işinin başlandığı bildirilib.


AzNews.az