SAM “sebe rejisser”

Strateji Araşdırmalar, yoxsa hərşeyşünas araşdırmaçılar mərkəzi...

Azərbaycanda bilavasitə dövlət tərəfindən dəstəklənən, beynəlxalq təşkilatların ayırdığı qrantlardan asılı olmayan, ciddi struktura malik strateji araşdırmalar mərkəzinin, yaxud mərkəzlərinin fəaliyyət göstərməsini hər zaman arzulamışam. Hələ 10 il öncə ölkənin daxili və xarici siyasəti ilə bağlı qələmə aldığım yazılarda gənc Azərbaycan dövləti üçün belə institutların nə qədər böyük önəm daşıdığını vurğulamışdım.

Strateji Araşdırmalar Mərkəzi (SAM) yarananda sözün əsil mənasında çox sevindim. Bu qurumdan ciddi gözləntilərim vardı. Ən azı formal fəaliyyət göstərməyəcəyinə ümid bəsləyirdim. Lakin SAM-ı uzunmüddətli depressiyaların girovuna çevirən EL(xan) NUR(iyev)in rəhbərliyi dönəmində, nə də adında NUR sözü olmayan Fərhad Məmmədovun direktorluğu dövründə bu qurumun adına layiq bir layihəyə imza atdığının şahidi olmadım.

SAM-ın intellektual, yaraşıqlı və cazibədar gənc görütüsü yaratmağı, poz verməyi sevən, bu qurumu gələcək karyeraları üçün tramplin sayan bir qrup şəxsin girovuna çevrildiyi barədə dəfələrlə yazdım və ...yazdılar. Amma nə fayda...

Dəyirman öz işindədir... Sadəcə vaxt üyüdür, vəssalam.

Dünyaya baxış

...Dünyada müxtəlif dövlət qurumlarının nəzdində yaradılan, yaxud dövlətin təsis etdiyi fondlar tərəfindən maliyyələşdirilən, strateji araşdırmalarla məşğul olan çoxsaylı institutlar, mərkəzlər fəliyyət göstərir. Və bu qurumlar dövlətin beyin mərkəzləri funksiyasını yerinə yetirirlər. Bu qurumlara ilk növbədə böyük diplomatik və siyasi təcrübəyə malik insanlar cəlb olunurlar. Çünki siyasi araşdırmalar zamanı elmi-nəzəri bilgilər müəyyən rol oynasa da TƏCRÜBƏ əsas yerdə dayanır. Bu yazıya başlamazdan öncə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən strateji araşdırmalar mərkəzlərinin, institutlarının tərkibi, strukturu və fəaliyyət istiqamətlərilə bağlı araşdırma apardım. Və qənaətim öz təsdiqini tapdı: Bütün bu institut və mərkəzləri birləşdirən əsas amil bu qurumlarda xarici və yaxud daxili siyasət sahələrində özünü təsdiqləmiş təcrübəli və tanınmış mütəxəssislərin üstünlük təşkil etməsidir.

Bu belə də olmalıdır. Çünki söhbət bu və ya digər dövlətlərdə gənclərə nə qədər üstünlük verilməsindən getmir... Siyasət və diplomatiya sahəsində təcrübə hər zaman öz sözünü deyib və deyəcək də! Bu sübuta yetirilməsinə ehtiyac duyulmayan, zamanın sınaqlarından keçmiş bir aksiomdur!

Kim var, kim yox...

SAM-ın strukturuna nəzər saldım... Mərkəzin direktoru qısamüddətli və uğursuz siyasi təcrübəyə malik, tutduğu vəzifəyə dərin və fundamental əsasları olmayan bəsit məqalələri, dedi-qodu səviyyəsində qələmə aldığı yazıları və təbii ki, QHT sektorundakı emosional canfəşanlığı ilə gəlmiş Fərhad Məmmədovdur...

Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov siyasətşünaslıq üzrə fəlsəfə doktorudur. Qafqaz Universitetinin dosentidir (Mətbuatda Azərbaycandakı nurçularla bağlı məlumatlar yayıldıqdan sonra Rövşən İbrahimov haqqında məlumatlar Qafqaz Universitetinin saytından çıxarılıb, amma google-nin axtarış sistemində qalır...)

Azərbaycanda Rövşən İbrahimovu daha çox Xəzər televiziyasından, Qulu Məhərrəmli və Fərhad Mehdiyevlə birgə iştirak etdiyi verilişlərdən tanıyırlar. Nə daxili, nə də xarici siyasət sahəsində hər hansı təcrübəyə sahib deyil. Sıradan bir nəzəriyyəçidir.

SAM-ın daxili siyasətin təhlili şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tahirə Allahyarovanın isə təcrübə baxımından Azərbaycanın daxili siyasəti ilə nə yaxından, nə də uzaqdan heç bir əlaqəsi yoxdur. Tahirə xanımın namizədlik dissertasiyası "Ekoloji mədəniyyət" mövzusundadır (Görünür onu bu vəzifəyə ölkənin daxili siyasətinin ekologiyasını təmizləmək üçün gətiriblər). Tahirə Allahyarova 1998-ci ildən 2003-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışıb. Bakı Dövlət Universitetinin fəlsəfə və sosiologiya kafedrasının müəllimi olub və... günlərin birində daxili siyasət üzrə peşəkar mütəxəssisə çevrilib.

SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinə sabiq müsavatçı və "Yeni Müsavat" qəzetinin sabiq şöbə müdiri, Beynəlxalq Şəffaflıq Transparency İnternational təşkilatının fəal informatorlarından biri, yazdığı yazılarda Azərbaycanın bütün dövlət qurumlarını total korrupsiyada ittiham edən və buna görə hətta mükafat alan Vüsal Qasımlı rəhbərlik edir. Vüsal Qasımlının siyasi baxışı və dünyagörüşü haqqında qənaətə gəlmək üçün onun "Yeni Müsavat" qəzetinin 201 (2128) saylı, 29 iyul 2003-cü il tarixli sayında dərc olunmuş və 2003-cü ildə keçirilən prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin tez-tez istinad etdiyi "Korrupsiya: Sosial rifahın düşməni" adlı yazına gözucu nəzər salmaq yetərlidir...

SAM-ın əməkdaşları Kamal Makili-Əliyev, Cavid Vəliyev, Rəşad Kərimov, Zaur Şiriyev, Azad Qəribov, Heydər Mirzə, Tomris Vəliyeva, Mahir Hümbətov, Gülmira Rzayeva, Şahmar Hacıyev, Rauf Qaragözov, Elnarə Qəribova, Sahib Cəfərov və digərləri haqqında ətraflı yazmağa ehtiyac duymuram. Çünki Mahir Hümbətov istisna olunmaqla adıçəkilən şəxsləri kimsə tanımır...

SAM-ın kadr potensialı ilə müqayisə üçün bu və ya digər məsələlərlə bağlı tez-tez müraciət etdiyimiz qardaş Türkiyədən və qonşu Rusiyadan nümunə gətirəcəyəm.

Böyük təşkilatçılıq bacarığı ilə Türkiyədə bir çox uğurlara imza atmış Süleyman Şensoyun rəhbərlik etdiyi Türk Asiya Strateji Araşdırmalar Mərkəzində qardaş ölkənin ən təcrübəli diplomatları və siyasətçiləri təmsil olunur. Onların sırasında səfir Murad Bilhan, səfir Əhməd Süha Umar, səfir Əli Engin Oba, araşdırmaçı alimlər Əsra Hatiboğlu, Engin Selcuk, Abdulla Özkan, Müharrem Hilmi Özev kimi şəxslərin adlarının yer alması bu qurum haqqında qürur duyulası bir mənzərə yaradır.
Rusiya prezidentinin təsisçiliyi ilə yaradılmış Strateji Araşdırmalar Mərkəzinə isə 1976-2009-cu illərdə öncə SSRİ-nin, Sovet İttifaqı süquta uğradıqdan sonra isə Rusiya Federasiyasının xarici kəşfiyyatının düşünən beyinlərindən və idarəçilərindən biri olan Leonid Reşetnikov rəhbərlik edir...

Zənnimcə, SAM-ın fəaliyyətilə bağlı qənaətə gəlmək üçün bu qədər yetərlidir...

P.S. Adlarını və haqlarında olan məlumatları Gülən camaatına məxsus internet resurslarından sildirib google axtarış sistemində unudanlara isə tövsiyyə edərdim, vaxtlarını pozmağa yox, yazmağa sərf etsinlər. Məsələn, elə mənim kimi...