Təhsil minasına düşən 10 il

Ceyhun Musaoğlu

Düşünürdüm ki, elm sahəsində çalışmayacağım üçün təhsilin bu pilləsinə qalxmağa ehtiyac yoxdu.

Ancaq belə deyilmiş.Təhsil sənədlərindən bol olanların çoxu inkişafa xidmət edən ideya yoxluğunda qıvrılırlar. Mənimsə sənədlərim 4 illik hərbi xidmətimə qurban gedib. İdeyalar hələ də həmin qurbana yas saxlayır.

Mühəndisliyə daxil olmuşdum, hələ magistratura nəinki elmimizə, dilimizə belə, hakim kəsilməmişdi. Getdim, necə oldusa qayıtdım. Bakalavr zərbəsi alnımdan vurdu. Erməni gülləsindən yayınıb gəlmişdim.

1991-ci il. Dövlət Neft Kimya İnstitutu qapılarını üzümə açıb. Birinci kursu bitirirəm. 1992-ci il. Məlum olur ki, müstəqil dövlətə universitet yaraşar. Bundan sonra özümüzün sənayemiz olacaq deyə, 2-ci kursda Sənaye Universitetinin tələbəsinə çevrilirəm.

Ölkənin də vəziyyəti çevrilib. Müharibə. Hərbi xidmətə çağrılıram. Ali məktəblərin axşam şöbəsində oxuyanlar 18 yaşı tamam olanda həqiqi hərbi xidmətə getməyə borcludu. Axşam öz seçimimdi. Gündüz işləmək, axşam oxumaq. Qazanmaq istəyimin qaranlığına düşürəm. Təhsilim yarıda qalır. Orta məktəbə bir il tez götürülməyim imkan verir ki, ikinci kursu bitirib, vətənə borc ödəməyə yollanım.

Təskinliyim var: iki ildən sonra oxumağa 3-cü kursdan başlayacam. Əvvəl Bakı, sonra Qazax. İki illiyə gedən tələbə 4 ildən sonra qayıdır. Məğlub deyiləm. Uduzmamışıq ki, dayanmışıq. Saxlamışıq.

Sevinirəm. Birincisi, sağam. İkincisi daha universitetin deyil, Akademiyanın tələbəsiyəm. Müharibədən sonradı, akademikləşmişik.

Neçənci kurs? Niyə axı? İllərini itirə-itirə yaşayan tələbəyə akademik kədər çox yaraşır. Boyuma ölçürlər. Biçirlər, tikirlər məlum olur ki, bir ilim də minaya düşüb. Yoxxxx, nə bir il, 10 il, ən azı 10, ən çoxu 100 il. Hələ üstəlik 11 fərq imtahanı... Hələ üstəlik bakalavr dərəcəsinə qədər endirilmək əzabı.

Qaydalar çönüb. Torpaq orda gedib, dərəcə burda. Həyat da haralardadısa, gözə dəymir. Cəmi iki il tələbə kimi tələbə olmuş adamı yaşın diktəsi işləməyə sürükləyir. Oxumaq vaxtı deyil, lap həyatın bir parşası da olsa, tapıb içinə girməliyəm.

Qabağıma jurnalistika çıxdı. Qarşısında baş əyirəm, o həyatından xeyli pay verdi.

İnstitutundan başlayaraq universitetindən keçib, akademiyasında tələbəliyimi itirilmiş torpaqlara tapşırdığım dövrün yara(ı)lanmış diplomunu aldım. 1991-2001. Taleyimin boynundan asılan daşın üzərindəki tarix.

75-ci ildənəm. 30 yaşım var. Hesablamada düz gəlməyən 10 mənim deyil. Sübut edə bilmirəm ki, o illər hardansa ömrümə pərçimlənib. Nə əvvəlini 30-a yapışdıra bilirəm, nə axırını 40-a. Oturmur. Onun yeri deyil.

Nə beynimə uyğundu, nə ürəyimə.