Azərbaycanda polis zabiti bıçaqlandı

Tərtər Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin zabiti bıçaqlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, dünən gecə saatlarında bir minik avtomobili sürücüsünün Tərtər şəhərində avtoxuliqanlıq etdiyi haqda şöbəyə məlumat daxil olub. Sözügedən nəqliyyat vasitəsinin dayandırılması üçün əraziyə çıxan DYP əməkdaşları sürücü Həsənov Rauf Eldəniz oğlunu saxlayıblar. Məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Polis əməkdaşları ilə sürücü və onun qardaşları arasında mübahisə yaranıb. Nəticədə sürücünün qardaşı Mehman Həsənov DYP Tərtər bölməsinin inspektoru, baş leytenant Qurban Allahverdiyevə bıçaqla zərbə vurub. Yaralı zabit qonşu Bərdə rayonunun Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Rauf Həsənov, onun qardaşları Mehman və Qabil RPŞ-nin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az