DNK tellərindən nanorobotlar hazırlanacaq - Maraqlı

Alimlər nanotexnologiyalar sahəsində yeni bir uğurun astanasındadırlar.

AzNews.az Azər Tac - a istinadən xəbər verir ki, tədqiqatlar uğurla başa çatacağı halda artıq 5 ildən sonra insan orqanizmindəki canlı hüceyrələrin daxilində fəaliyyət göstərə biləcək DNK proqramlaşdırılmış ilk nanorobotlar yaradılacaqdır. Yeni texnologiya onkoloji xəstəliklərin diaqnostikası və müalicəsindən başlayaraq insan hərəkətlərinin idarə edilməsinədək mükəmməl potensiala malikdir.
Tədqiqatlar İsrailin Bar-İlan Universitetinin tədqiqat qrupu tərəfindən aparılır. Nanorobotların DNK tellərindən yaradılması üçün onlar yetərli qədər nəzəri və texniki bazaya malikdirlər.
AzərTAc scienceblog.ru saytına istinadən xəbər verir ki, hazırda nanorobotlar canlı tarakanların daxilində yerləşdirilməklə sınaqdan keçirilir. Yaxın gələcəkdə bu texnologiya insanlar üzərində də tətbiq ediləcəkdir.
İsrail alimlərinin xidməti ondadır ki, onlar ilk dəfə olaraq bilavasitə canlı orqanizmin daxilində bu cür proqramlaşdırmanın mümkünlüyünü sübut edə bilmişlər. Tədqiqatların nəticələri göstərmişdir ki, nanorobotlar müxtəlif molekulların köməyilə orqanizmin funksiyalarına təsir edə bilir. Burada faktiki olaraq, söhbət orqanizmin daxilində olan nanorobotların geniş hesablama imkanlarından gedir.
Əldə olunmuş nəticələr baxımından, texnologiyanın gələcəkdə geniş tətbiq imkanlarından danışmaq olar. Misal üçün, nanorobotlar xərçəng hüceyrələrini və ya toksik molekulları aşkar edərək məhv etməklə daşıyıcının orqanizmini zəhərlənmədən qoruya bilər. Bu cür nanorobotlar aqressiv vəziyyətə cavab olaraq depressiya əleyhinə və trankvilizator molekullarını da buraxa bilər. Belə terapiya həbsxana və digər islah müəssisələrinə yaxşı alternativ ola bilər. Texnologiya eyni zamanda qanunlara riayət etməyənləri ram etmək üçün də cəlbedici görünür. Belə ki, nanorobotlardan istifadə insanın hərəkətlərini məsafədən idarə etməyə faktiki olaraq imkan verəcəkdir.

AzNews.az