Şeyxülislam sabitliyi pozanlardan danışdı

"Bəzi qüvvələr Azərbaycanda tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır".


AzNews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə QMİ Qazılar Şurasının iclasında deyib. O, bildirb ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr ölkəmizdə əlverişli tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır: "Bu qüvvələrlə mübarizə aparmaq üçün biz tez-tez bölgələrdə olur, müxtəlif görüşlər, tədbirlər keçirir, geniş maarifləndirmə işi aparırıq".

Allahşükür Paşazadə bu məqsədlə bölgələrdə müxtəlif dini ədəbiyyat və vəsaitlərin paylandığını diqqətə çatdırıb. O, Qazılar Şurasının və Elmi-Dini Şuranın tövsiyə və qərarı ilə son illər çapdan çıxmış kitablar və vəsaitlər barədə də məlumat verib. Bildirib ki, "Qurani-Şərif"in Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin "Kəşfül-Həqayiq" əsərinin üç cilddə müasir üslubda nəfis çapı, "Axund və imamlar üçün xütbə nümunələri" adlı vəsaitin, Ayətullah Cəfər Sübhaninin "Vəhhabi cərəyanı" əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə mühüm töhfə verib. Bu istiqamətdə işlər davam etdirilir.

İclasda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev də ölkədə qeyri-ənənəvi dini cərəyanların, cəmiyyətdə dini ayrı-seçkiliyi təbliğ edən qüvvələrin qarşısının alınması məqsədilə din xadimlərinin bölgələrdə ictimaiyyətlə mütəmadi görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb.

AzNews.az