Dünya şahmat tacının sahibi Bakıya gəldi

Dünya şahmat tacının sahibi Maqnus Karlsen Bakıya gəlib.

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2014" turnirində iştirak edəcək norveçli dünya çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında "Synergy Group" Müşahidə Şurasının sədr müavini, turnirin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov qarşılayıb.

Media qarşısına çıxan Karlsen jurnalistlərin suallarına cavab verib: " Şadam ki, yenidən ölkənizə səfər etmişəm. Vüqar Həşimovun xatirə turnirinə hazırlığımı Omanda keçmişəm. Yarışın başlanmasını səbirsizliklə gözləyirəm və ümid edirəm ki, bütün qonaqlar iştirakdan məmnun qalacaqlar. Bu turniri qazanmaq istəyirəm. Əlbəttə, bütün rəqiblərimə hörmət edirəm və bilirəm ki, gərgin mübarizə gedəcək. Başa düşürəm ki, rəqiblərim mənə qarşı partiyalarda qələbə üçün hər şey edəcəklər. Ancaq mən Azərbaycana Vüqar Həşimovun xatirə turnirini qazanmağa gəlmişəm".

Təşkilatçılığın yüksək səviyyədə olacağına inandığını deyən dünya çempionu Karlsen mərhum Vüqar Həşimov haqda da xatirələrini bölüşüb: "Vüqar Həşimov dünyanın ən güclü şahmatçılarından biri idi. Onun partiyaları və gedişləri hələ də yaddan çıxmayıb. Çox təəssüf edirəm ki, hazırda Vüqar bizimlə deyil. Onun gedişi mənə də çox pis təsir etdi. Vüqarın olmamağı şahmat aləminə böyük itkidir".


AzNews.az