ABŞ Azərbaycanın təhlükəsizliyindən narahatdır - VİDEO

ABŞ Prezidenti Barak Obama "CBS" kanalına verdiyi müsahibədə bildirib ki, Rusiya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozduğu gün kimi aydındır. Onun sözlərinə görə, Kreml, eləcə də Ukraynanın cənubu və şərqində yaraqlıları dəstəkləyib. Bununla belə, ABŞ prezidenti diplomatik çıxış yolunun istisna olunmadıgını və Dövlət Katibi Con Kerrinin Cenevrədə 4 tərəfli danışıqlara hazırlaşdığını bildirib.

Prezident Obamanın prezident Putinlə olan daha bir telefon danışığının nəticəsiz qalması ABS paytaxtında daha təəccüb dogurmur. Dünya soyuq müharibədən bəri Qərblə Rusiya arasında ən dərin böhran yaşamaqdadır. Vasinqtonda gizlətmirlər, prezident Putinin Ukrayna siyasətinin arxasında nə dayandıgını və bu ambisiyaların daha hansı keçmis sovet respublikalarına şamil ediləcəyini bilmirlər.

Dövlət Katibinin yardımcısı Viktoriya Nuland Ukraynanın suverenliyini müdafiə etmək üçün NATO qüvvələri tərkibində dəstəyi bundan sonra da əsirgəməyəcəyini deyir. Bəs, 10 minlərlə olduğu güman edilən rus hərbi qüvvəsinin qarşısında yüzlərlə NATO əsgəri yerdə balansı dəyişə bilərmi? ABŞ hökumətində mübahisə edirlər ki, balansı yalnız hərbi qüvvə ilə deyil, sanksiyalar, iqtisadi cəza tədbirləri ilə də dəyişmək mümkündür.

Amerikanın özündə isə bir çox siyasətçilər prezident administrasiyasını Ukraynada dişsiz mövqe tutmaqda günahlandırırlar. Onlar iddia edirlər ki, məhz prezident Obamanın viza məhdudiyyətləri kimi, cılız sanksiyalara vaxt itirməsi prezident Putinin Ukrayna siyasətinə yaşıl işıq yandırmış olub.

Den Burton 30 ildən bəri Konqresin üzvü, 10 ildən bəri Xarici Əlaqələr Komitəsinin sədri olub. Bir ildir ki, Azərbaycanın ABŞ-dakı diaspor təşkilatlarından birinin, "Azərbaycan Amerika Alyansı"nın sədridir. O, Prezident Obamanın səmərəsiz xarici siyasətini Rusiyanın Ukraynadakı özbaşınalıgına yol açdıgını iddia edir.

Den Burton: "Azərbaycan Amerika Alyansı"nın sədri kimi Ukraynada baş verənlər məni çox narahat edir. Prezident Putin Ukraynaya rusdilli əhalini müdafiə etmək bəhanəsi ilə daxil olub. Rusdilli əhali Azərbaycan da daxil olmaqla bölgənin digər respublikalarında da var. Mənə elə gəlir ki, Putin hazırda ABŞ-ı çox zəif ölkə kimi qəbul edir. Biz Prezidentə və Konqres üzvlərinə deməliyik ki, Rusiyaya qarşı kəsərli olan iqtisadi sanksiyalar qəbul etsinlər ki, nəticəsi olsun, bir necə nəfərə qarşı viza məhdudiyyəti heç nəyi dəyişməyəcək".

Lakin ABŞ paytaxtında bunu da başa düşürlər ki, Moskva ilə qarşıdurma nəticəsində Kreml də cavabsız qalan deyil. Kremlin cavabı artıq yaxın günlərdə Kiyevin və elə Avropa Birliyinin də qaz təchizatını dayandırması ola bilir. Bunu isə burda heç kəs arzulamır.



AzNews.az