“Azəriqaz”da kütləvi ixtisarlar: Qurumda yeni qaydalar tətbiq olunur

"Bu ilin yeniliklərindən biri də texniki baxışlarla bağlıdır. Belə ki, bəzən texniki baxışlar keçirilərkən "Azəriqaz"ın işçilərinin mənzillərə buraxılmaması kimi hallara rast gəlinir. Nəticədə mənzildaxili xətlərdəki cüzi sızma halları belə xoşagəlməz hadisələrə gətirib çıxarır".

AzNews.az xəbər verir ki, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev bildirib. Onun sözlərinə görə, "Azəriqaz" İB evdaxili xətlərə texniki baxışların keçirilməsinin vacibliyini nəzərə alıb: "Artıq yaxın vaxtlarda Bakı şəhəri üzrə yoxlamaları həyata keçirən yeni bir operativ mərkəzləşmiş qurumun yaradılmasına qərar verilib". Əkbər Hacıyev hesab edir ki, görülən bütün bu və digər işlər qurumla abonentlərin münasibətlərini daha da möhkəmləndirəcək və "Azəriqaz" İB-nin göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.

Qeyd edək ki, qərarə əsasən mayın 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək. Bu qurumun bazasında mərkəzləşdirilmiş şəkildə Qəza və Təmir-bərpa Xidməti yaradılacaq. Həmin təşkilatın əsas vəzifəsi isə xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaq. Bu isə qurumda kütləvi ixtisarların olacağını deməyə əsas verir.

Amid Əyyuboğlu
AzNews.az