Nazirlik avtovağzalda baş verən hadisəyə aydınlıq gətirdi

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Beynəlxalq Avtovağzalı ərazisində qurum əməkdaşları ilə taksi sürücüsü arasında baş verən insidentin təfərrüatları haqda danışıb.

Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov AzNews.az-a açıqlamasında deyib ki, Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ətrafında reyd keçirərkən 1983-cü il təvəllüdlü taksi sürücüsü Vüsal İlqar oğlu Həsənovun idarə etdiyi avtomobili saxlayıblar.

Ə. Cəfərov bildirib ki, sürücü atası ilə birgə avtomobildən düşərək müfəttişlərə daş atmağa başlayıb: "Nəticədə idarəyə məxsus avtomobilə zərər dəyib. Müfəttişlərdən bir nəfəri də xəsarət alıb. Avtomobilin şüşələri sındırılıb. Daha sonra müfəttişlərin avtomobilinin arxa nömrəsini qopardaraq özləri ilə aparıblar. Bu işdə sürücünün atası da ona yardımçı olub". Rəis müavini V.Həsənovun əvvəllər də nəqliyyat müfəttişləri tərəfindən saxlanıldığını və xəbərdarlıq edildiyini söyləyib: "Həmin şəxs iki ay əvvəl saxlanılmışdı. Lakin məhsuliyyətə cəlb etmədik. Yəni onu artıq yaxşı tanıyırıq. Təəəssüf, gərək həmin vaxt məhsuliyyətə cəlb olunaydı".

Amid
AzNews.az