Bakıda şadlıq evinin qarşısında dava- YENİLƏNİB

Gecə Bakının Xətai rayonu ərazisində kütləvi dava baş verib.

Şahidlərin məlumatına görə, hadisə saat 22 radələrində Əhmədli qəsəbəsində "Fəridə" şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.

Xəsarət alanların bir neçəsinə hadisə yerinə cəlb edilən təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Əlbəyaxa dava edən qrupları sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları gəlib. Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də bir müddət məhdudlaşıb.

Xətai rayon polis idarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib. İdarədən onu da bildirdilər ki, hadisənin səbəblərinin müəyyən edilməsi üçün də artıq araşdırmalar başlanılıb.(anspress)(09.19)

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti dünən axşam bəzi kütləvi informasiya vasitələrində Bakının Xətai rayonu ərazisində yerləşən "Fəridə" şadlıq evinin qarşısında iki qrup arasında kütləvi dava düşməsi, bu zaman xəsarət alanların olması və hadisə yerinə təcili yardım maşınlarının gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, sözügedən şadlıq sarayının qarşısında kütləvi dava düşməsi və xəsarət alanların olması barədə yayılan məlumatlar dezinformasiyadır və əsassızdır: "Belə ki, ötən gün axşam saatlarında Xətai rayon ərazisində "Touareg" markalı "90 FR 585" dövlət nömrə nişanlı avtomaşını idarə edən şəxs avtoxuliqanlıq edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib və bu zaman Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həmin nəqliyyat vasitəsini saxlamaq barədə qanuni tələblərinə qəsdən tabe olmayıb".

O.Mansurzadə qeyd edib ki, sonda həmin nəqliyyat vasitəsi "Fəridə" şadlıq evinin qarşısında saxlanılıb. Sonradan məlum olub ki, həmin şəxs şadlıq evində keçirilən toyda iştirak edənlərdən biridir, nəqliyyat vasitəsinin əsl sahibi isə onun tanışı olan Tərlan Əhmədov adlı başqa bir şəxsdir: "Hadisəni törədən şəxs Tərlan Əhmədovun toydan çıxmasını gözləyib və o, avtomobilə yaxınlaşanda maşından düşüb. Məlum olub ki, başqasının maşınını götürüb yol-hərəkət qaydalarını kobud şəkildə pozan, polisə tabeçilik göstərməyən bu şəxs Masazır qəsəbəsində yaşayan Cahid Məmmədovdur".

Nazirliyin sözçüsü qeyd edib ki, C.Məmmədov şəxsiyyətini təsdiqləyən və yaxud həmin nəqliyyat vasitəsini idarə etməyə icazə verən sənədləri təqdim etmədiyinə görə anlaşılmazlıq yaranıb: "Bu zaman toydan çıxan bir neçə şəxs də hadisəni seyr edərkən qələbəlik yaşanıb. Mətbuatda yayılmış həvəskar kadrlarda da görünən həmin məqamlardır. Burada iki qrup arasında heç bir insident yaşanmayıb və təbii ki, kiminsə xəsarət alması barədə də söhbət gedə bilməz. Həvəskar çəkilişlərdə də görünən təcili tibbi yardım maşını kadrlara təsadüfən düşüb. Təcili tibbi yardım maşını axşam sadəcə həmin istiqamətdə hərəkət edirmiş, yəni hadisə yerinə çağırılmayıb".

Şöbə rəisinin sözlərinə görə, hadisənin səbəkarı olan C.Məmmədov PPX əməkdaşlarının köməyi ilə aidiyyəti üzrə polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, baxılması üçün rayon məhkəməsinə göndərilib.

AzNews.az