“Neftçi”nin vitse-prezidenti istefa verdi

"Neftçi" futbol klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib.

AzNews.az-ın futbol11.az-a istinadən məlumatına görə, Süleymanov "Rəvan"la bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən öncə istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.

O, səbəb kimi AFFA İntizam Komitəsinin tətbiq etdiyi 20 min manat cəriməni ödəmək istəməməsini göstərib: "Məsələ burasındadır ki, mənə görə kökü, tarixi olan "Neftçi" klubuna ziyan dəyməsini istəmirəm. 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə, ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, "Rəvan" – "Neftçi" matçını izləyə bilərəm".

Xəbəri klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. O deyib ki, Süleymanovla bağlı yekun qərar yaxın günlərdə veriləcək: "Bu gün bizi vacib oyun gözləyir. Bəli, Tahir Süleymanov istefa ərizəsini təqdim edib. Bununla bağlı yekun qərarı klub prezidenti Sadıq Sadıqov verəcək".

Qeyd edək ki, Tahir Süleymanov "Neftçi"də 4 ildir çalışırdı.

AzNews.az