“Bakcell” məhkəməyə müraciət etdi

Əslində "bakcell.az" domeni məşhur şirkətin əlindən 20 manata görə çıxıbmış…

"Bakcell LTD" MMC Azərbaycanda domenlərin qeydiyyatı ilə məşğul olan "Network Technologies" şirkətini məhkəməyə verib. "Bakcell LTD" MMC "Network Technologies" şirkəti qarşısında "bakcell.az" domeninin "Bakcell LTD" -nin adına keçirilməsi barədə iddia qaldırıb.

"Bakcell.az" domeninin hazırkı sahibi Qalib Musayev açıqlamasında bildirib ki, domenin onun əlindən alınması haqsızlıq olardı: "Hazırda "Network Technologies" şirkəti tərəfindən mənə məxsus "bakcell.az" saytına blok qoyulub. Mənə dedilər ki, məhkəmənin qərarını gözlə".
Femida.az-ın əldə etdiyi məlumata görə, əslində "bakcell.az" domeni "Bakcell LTD" MMC şirkətinin qeydiyyatında olub. Lakin "Bakcell LTD" bu domenə görə "Network Technologies" şirkətinə illik texniki xidmətə görə ödəməli olduğu 20 manatı ödəməyib. Hətta "Network Technologies" şirkəti buna görə "Bakcell LTD" MMC-yə dəfələrlə xəbərdarlıq da edib. Lakin "Bakcell LTD" MMC 20 manatı ödəməyib (böyük ehtimalla bu, milyonlatla dövriyyəsi olan "Bakcell LTD" şirkətindəki məsul şəxslərin məsuliyyətsizliyindən baş verib). Uzunmüddətli xəbərdarlıqdan sonra "Network Technologies" şirkəti "bakcell.az" domeninin satışa çıxarıb. Bu zaman Qalib Musayev adlı Bərdə şəhər sakini o domeni alıb və hazırda domen onun adınadır. (femida.az)