Nazirliyin “beş ulduzlu” gülməşəkərləri

İntiqam Valehoğlu

Azərbaycanda mədəniyyət və turizm işlərinə məsul bir nazirlik var-Mədəniyyət və Turizm Nazirliyi. Pis, yaxşı dəxili yoxdur, olanımız budur. Adı nazirlikdirsə, belə də təqdim etməliyik. Ən azından qanun naminə. Nə olsun ki orda çoxları Azərbaycanın dövlət büdcəsindən maaş alıb, Azərbaycan dilində danışmağı özlərinə rəva bilmir. Nə olsun ki, hələ də qurumun mətbuat katibinin kim olduğunu heç mətbuat nümayəndələri də bilmir. Nə olsun ki, bu işə özü-özünü "təyin edən" həm Zöhrə Əliyeva, həm də İntiqam Hümbətov bu post uğrunda əməlli-başlı mübarizə aparırlar. Nə olsun ki, nazirliyin 4 ulduz verdiyi otellərdə göstərilən xidmət "Ulduz" metrosunun çıxışındakı dönərxanalardakından da bərbaddır. Heç o da mənə maraqlı deyil ki, Azərbaycanın ən yaşlı xalq artisti Ələddin Abbasov 92 yaşında dünyasını dəyişir, amma rəhbərlikdən heç kim ora gedib başsağlığı vermir. 92 yaşlı xalq artisti ev deyə-deyə qızının evində ölür, yenə də Zöhrə Əliyeva deyir ki, bu məsələnin bizə dəxili yoxdur. Bəlkə də düz deyir. Görünür kiminsə "kurasiyasında" olan dünənki Xalq artistinə 3 dəfə, hər dəfəsində də 3 otaqlı mənzil vermək meyiti qızının evindən çıxan "Cahandar ağa"nı sevindirməkdən daha vacib imiş. Amma sən demə, ondan da vacib məqamlar var... Məsələn, mən heç vaxt yatsam yuxuma da girməzdi ki, Azərbaycandakı Xalq artistlərinin sayını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, daha doğrusu oranın mətbuat katibi Elman Babayevdən öyrənməliymişəm. Mənim bunla bağlı sualıma cavab tapmağım üçün başqa bir nazirliyə yönəltdiyinə görə şəxsən Zöhrə xanım Əliyevaya dərin və səmimi təşəkkürlərimi çatdırıram. Amma tərslikdən kontur tapmıram ki, bu şad xəbəri Elman Babayevə çatdırım. O da dişinin dibindən çıxanı desin ki, bəyəm sənin ağlın kəsmir ki, biz pensiya işlərinə baxırıq, əksəriyyəti manıs olan Xalq artistlərinin sayına yox?!

Müqayisəyə görə üzr istəyirəm, amma demək məcburiyyətindəyəm: Təsəvvür edin ki, kişi evinə bazarlıq etmək istəyir. Zəng vurur evin arvadına ki, bəs evə nə almaq lazımdır? Arvad da eləmə tənbəllik cavab ver ki, bəs qonşunun arvadından soruş, yaxşısını o bilir; Kənd təsərrüfatı naziri Heydər Əsədova bir sualım var, görəsən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdan soruşsam cavab verər?