Gün bizi yox, biz günü yaradaq

Ceyhun Musaoğlu

Fəxr edirəm ki, jurnalistəm. Hər bir ölkəni onun jurnalistikası yaradır. Çoxdan başlamışıq. Yaradacağıq. Hələ həyat qabaqdadı. Ümumiyyətlə arxada həyat olmur. Gerçəkdə olmur. Bizim isə arxada da həyatımız qalıb. Alacağıq. Yetər ki, jurnalistika bütün hakimiyyətlərin fövqündə durmağa borclu olduğunu dərk etsin. Şəxsi durumumuz yaxşıdı.

Pulumuz da var, yaşamağa yerimiz də. Redaksiyalarda otağımız, kompüterimiz, internetimiz. Yaşamaq üçün maddi problemlər arxamızca düşüb. Biz onları ötməyi bacardıq. Ancaq... Hə, ancaq rahat deyilik. Jurnalist yeməkdən çox yazmağı sevir. Yazmaq üçün yaman qəribsəmişik. Bütün yazıların təməlində xəbər dayanır. Xəbərimiz yoxdu. Xəbərimiz yoxdu ki, xəbərsizləşmişik.

Yadımdadı, saat 11-dən sonra redaksiyada jurnalist tapa bilməzdin. Küçələrdəydik. Hərəmiz bir partiyanın qərərgahını iş yerimizə çevirmişdik. Saat 4-də redaksiyaya qayıdıb, 20 xəbər yazardıq. Onun 3-ü dezinformasiya olurdu, 10-u münasibət, 7-si xəbər. Tam yeni xəbər. Bizim xəbər. 20 xəbərdən azı 15-i dərc olunurdu. Həmin dezinformasiyalar da günlər keçəndən sonra həqiqətə çevrilirdi. Əvvəl-əvvəl hədəfə alınan adamlar tərəfindən adına "dez" damğası vurulurdu. Zamansa onların yalan arqumentlərini əllərindən alırdı. Ay ərzində o xəbərlər toplanıb qonorar şəklində cibimizə girirdi.

Yadımdadı, biz xəbərimizin çörəyini yeyirdik. Rahatdıq. Hər günün sonunda işimizi bitirirdik. Yarımçıq işimiz qalmadığından tam əmin olurduq. Qəribədi, şəxsən mənim artıq 5 ildi işim başlayır, amma sona çatmır. Pulum var, bəs onu nə vaxt xərcləyim. İşdəyəm, gecə saat 12-də belə, işdəyəm. Yadımdadı. Bu gün mətbuatın simalarına çevrilən elə siyasətçilər vardı ki, hər hansı məsələ ilə bağlı onlardan münasibət öyrənəndə, redaktorumuz yazımızı oxumadan vərəqi cırardı. "İctimai çəkisi olan adamla danışın" deyə irad bildirərdi. Partiyanın birinci şəxsinin açıqlamasına heç vaxt başqa partiyanın ikinci şəxsinin münasibətini öyrənməzdik. Özümüz özümüzə "münasibət jurnalistikasına son qoyaq" qadağası da yaşatmışıq. Çünki münasibətini aldığımız siyasətçidən qat-qat ağıllı idik. Yazırdım: "Xalqdan can istəyənlər". Müxalifət qəzetində müxalifətin əleyhinə yazırdım. Onların xalqdan can istədiyini və bu canla alverə getdiklərini göstərirdim. Özlərindən soruşanda daş atıb başlarını tuturdular. "Böhtandı" deyirdilər. Çox qısa zaman keçirdi, proqnozlarımızda dəqiq olduğumuz aşkara çıxırdı. Belədə onlardan niyə münasibət öyrənməliydik ki?..

Nüfuzumuzu artırırdıq. Hesablaşırdılar. Məmurlara əl çatan deyildik. Parlamentin iclaslarından hərəmiz bir reportaj hazırlayardıq. Həmkarımızın cümləsini təkrar yazmağı ayıb bilərdik. İndimizə baxıb, acı-acı gülürəm. Bir sayt ona diktafon uzatmağı özümüzə rəva bilmədiyimiz şəxsdən açıqlama alır, bütün sayt və qəzetlər böyük məmnuniyyətlə səhifələrində dərc edirlər. Qəzetlər dəvəsi ölmüş ərəbə oxşayır. Oturub gözləyir ki, kimdən dəvə alıb yükünü mənzil başına çatdıracaq. Parlamentdən reportaj yoxa çıxıb. Məlum mənbə var, hamımız Milli Məclis xəbərlərini ordan götürüb, başlıqlarla fərlqənməyə çalışırıq. Günümüzdü. Ürəkaçan hadisələrdən yazmalıyam. Əslində yazdım da. Evimiz var, pulumuz var, işimiz var. Xəbərimiz yoxdu.

Xəbəri olmayan adam həmişə narahatdı. Tapdıq. Neçə vaxtdı düşünürdüm ki, cəmiyyətimizdə hökm sürən narahtlığa, kədərə səbəb nədi? Tapdım: xəbərsizlik. Mətbuat ölkəsini xəbərlə təmin edə bilmir. "Baş kəsilir", "qız zorlanır", "qəza bir ailəni qırır", "Aygün hamamda çimir" yazıları xəbər deyil, ötəri hadisədi. İllərdi xəbərlərin həsrətində olan xalqı saniyələrini maraqlı edən hadisələrlə rahatlamaq mümkünsüzdü. Cəmiyyət nigarandı. Təhsilindən nigarandı, torpağından nigarandı, səkisiz küçələrində yol keçən övladından nigarandı, hakimiyyətindən, müxalifətindən nigarandı. Onlara xəbər verək.

Redaksiyalardan çıxaq, tapaq, yazaq və dərc edək. Hərəsi ayrı-ayrılıqda böyük problemdi: redaksiyadan çıxmaq da, yazmaq da, dərc etdirmək də.

Deyirsiz bundan sonra üzümə-üz bağlayıb deyim ki, rahatıq?!

Təsəllim var: Rahat olacağıq.

(Adelet.az)