Milli Şuranın sessiyası yenə təxirə düşdü - Açıqlama

Demokratik Qüvvələrin Milli Şurasının sessiyası yenə təxirə salınıb.
Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev verib.

O deyib ki, Milli Şuranın sabaha - iyulun 23-nə təyin olunan sessiyası keçirilməyəcək: "Buna səbəb yerlə əlaqədar müraciət olunana qurumlardan müsbət cavabın alınmamasıdır. Biz bir çox qurumlara yerlə əlaqədar müraciət etdik. Amma onların heç birindən müsbət cavab ala bilmədik. Odur ki, yer olmadığından sessiya qeyri-müəyyən vaxta kimi təxirə salındı".

O. Gülalıyev buna baxmayaraq, yaxın zamanlarda sessiyanın keçirilməsi üçün danışıqların davam etdiriləcəyini də söyləyib: "Çalışaçağıq ki, sessiyanı keçirək. Bu çox vacibdir".

Qeyd edək ki, Milli Şura iyulun 23-nə sessiya təyin etmişdi. Sonuncu sessiya isə apreldə keçirilib.


Bahar Rüstəmli
AzNews.az