25 yaşlı gəncin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıldı

Bakı sakinini bıçaqlayaraq hadisə yerindən qaçmış şəxslər tutulub. AzNews.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

İyulun 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, "Xaqani" bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanovla birlikdə "Xaqani" bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, F.Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən K.Kərimov və F.Əliyev tutularaq istintaqa cəlb olunmuşlar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və "beşbarmaq" aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzNews.az