Azərbaycanlı jurnalistlər Gürcüstana gedir

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkili, Gürcüstanın Gənclər və İdman Nazirliyi yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə "Gürcüstan - Azərbaycanlı jurnalistlərin gözü ilə" adlı lahiyə həyata keçiriləcək. Aznews.az saytı xəbər verir ki, layihə 1-4 avqust 2014-cü ilədək davam edəcək.

Layihənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən KİV-də Gürcüstanın mədəniyyəti, tarixi, inkişafı ilə Azərbaycan oxucusunu tanış etməkdir. Səfər çərçivəsində jurnalistlər üçün Gürcüstanın bir sıra şəhərlərinə, tarixi yerlərinə ekskursiyalar, Gürcüstan-Azərbaycan münasibətləri mövzusunda konfranslar təşkil olunacaq. Bir sıra dövlət idarələrində həmçinin Gürcüstanın Gənclər və İdman Nazirliyində dövlət rəsmiləri, mədəniyyət və ictimaiyyət xadimləri, Gürcüstanda yaşayan azərbaycanlılarla dəyirmi masa ətrafında görüşlər keçiriləcək.
Layihənin sonunda iştirak edən jurnalistlər səfər haqqında reportaj hazırlamalıdırlar. Sonda yığılan materiallardan ibarət broşurlar, video çarxlardan ibarət toplu hazırlanacaqdır və təqdimatı keçiriləcək.

AzNews.az