Vəli Əkbər “Xəzər”ə getməsi xəbərindən - DANIŞDI

""Xəzər" televizyasına rəhbər getməyimlə bağlı yayılan xəbər yalandır". Bunu tanınmış jurnalist Vəli Əkbər Modern.az-a bildirib. Deyib ki, bu şaiyə-xəbər Milli Mətbuat günü ilə bağlı "...Mən jurnalist olmaq istəmirəm" yazısına cavabdır və onun haqlı olduğunu sübut edir.

Son günlər "Xəzər" televiziyası ətrafında gəzən söz-söhbət artıb. Ötən gün bəzi saytlar hətta kanala yeni rəhbər də "təyin etdilər". Yazılanlara inansaq, "Xəzər" televiziyasının yeni rəhbəri tanınmış jurnalist Vəli Əkbər olacaq.

Məsələyə aydınlıq gətirmək üçün Vəli Əkbərlə əlaqə saxladıq. Tanınmış jurnalist dedi ki, xəbər dezinformasyadır.

"Öyrəncəli olmalıyıq. Müasir jurnalistika qeybət janrının üstündə formalaşıb. Belə bir məsəl var, deyir məni öldürməyən hər şey məni möhkəmləndirir. Bu xəbər mənə, sadəcə acı təbəssümüm qədər təsirli oldu. Özlə bağlı baş verənlər sevdiyim bu peşəyə gələcək fəaliyyətimdə xüsusilə diqqətli olmağı bir daha yadıma saldı.

Həmişə tələbələrimə dediyim bir sözümü xatırlatmaq istəyirəm: "Unutmayın, hər bir sözün arxasında bir insan taleyi var. Qeyri-peşəkar jurnalist elə qatil kimi bir şeydir".

Ona görə də hər kəs qeyri-peşəkar həkimə getmədiyi kimi, yalançı jurnalistlərdən də uzaq olmalıdır".

Vəli Əkbər onu da söylədi ki, "Xəzər" televiziyasında onun dostları çalışır və yayılan xəbər orada ara-sıra görünməyi, dostları ilə görüşməyindən qaynaqlanıb.

"Bu istiqamətdə hər hansı fikir mübadiləmiz və ya təklif gündəmdə olmayıb".

"Hazırda nə ilə məşğulsunuz" sualımıza isə o, "bir ay bundan əvvəl Tovuzda yerləşən "Türkel" televiziyasında müavin kimi fəaliyyətimə son verərək Bakıya qayıtmışam. İndi təsisçisi olduğum "Tezxəbər.az" informasiya portalında fəaliyyətimi davam etdirirəm. Bu şaiyənin də yayılmasına saytımızda Milli Mətbuat günü ilə bağlı "...Mən jurnalist olmaq istəmirəm" sərlövhəli yazının səbəb olacağı fikrindəyəm. Görünür ki, yazdıqlarım kimlərinsə heysiyyatına toxunub".

AzNews.az