“Sevil”ə görə daha bir həbs - Bələdiyyə sədri saxlanıldı

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "Sevil" MMC-də başladığı yoxlamalarla bağlı daha bir nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, massivin yerləşdiyi Abşeron rayonu, Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev iki gün öncə İdarəyə çağırılaraq orada saxlanılıb. Məlumatda bildirilir ki, tikinti aparılan ərazilərin MMC-yə saxta sənədlərlə verilməsi müəyyən edilib. Buna görə də bələdiyyə sədri azadlıqdan məhrum edilib.

Bələdiyyədən adının çəkilməsini istəməyən bir şəxs isə AzNews.az-a bildirib ki, Mirnemət Mirsadiyev iki gün əvvəl saxlanılsa da, Abşeron İcra başçısı Zakir Fərəcovun müdaxiləsindən sonra o, sərbəst buraxılıb.

Lakin Mirnemət Mirsadiyevla əlaqə saxlamaq mümkün olmayıb. Hətta əməkdaşımızın onun müavini Xanbala Muradovu da tapmaq cəhdləri boşa çıxıb. Sədr də, müavin də işdə olmayıb və mobil telefonları işləməyib.
Özünü M.Mirsadiyevin yaxın dostu kimi təqdim edən Nizami adlı şəxs isə sədrin yoxa çıxmasını onun səhhəti ilə əlaqələndirib. O, AzNews.az-a bildirib ki, bələdiyyə sədri hazırda ağır xəstədir və yataq rejimində müalicə olunur: "Nömrəsinə zəng çatmamağı da ona görədir. İstəmir ki, kimsə onu narahat etsin".

Qeyd edək ki, "Sevil" MMC Müşviqabad qəsəbəsi yaxınlığında (Bakı-Şamaxı şosesinin 14-cü km-də) kreditlə boş torpaq sahələri təklif edir. Həmçinin şirkət son layihəsi kimi, yaşayış binalarının tikintisini planlaşdırırdı. MMC-nin rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da bildirilir. Aynur Zeynalovun vəhhabilərlə əlaqəsi barədə də məlumatlar dolaşır.


Azər
AzNews.az