Sonuncu azərbaycanlı üçün - YAZI

Aynur İmranova

Arsızlaşırıq! Biz uşaq olanda böyüklərdən eşidərdik - "Filankər arsızdır, heç nəyi vecinə almır "-deyə... İndi bizdə də eyni cürə... Torpaqlarımızı itirmişik, həmin bölgələrin adına restoran açıb, orda içki içib, rəqs edirik. İnsanlar həbs olunur, öldürülür, rəsmini 1-2 gün profil rəsmi edirik, sosial şəbəkələrdə onların şərəfinə statuslar yazırıq, vəssalam...

İçimiz-çölümüz pafos. Maksimum 1 həftə... Sonra arsızcasına heç nə olmamış kimi həyatımıza davam edirik.

Ehhh, biz nələr-nələr unutmadıq... 20 yanvardan ADNA terroruna qədər... Hakimiyyəti satanlardan millət vəkili kreslosunu satanlara qədər... Saymaqla bitməz... Hansının ədalətli araşdırılmasına, günahkarların cəzalanmasına nail olduq ki?!...

Dünən Ermənistanın Qafan rayonunun küçələrini əks etdirən şəkillərə baxdım. Qarabağda döyşmüş ermnilərin şəkillərini big board-larda vurublar küçələrə, nümayiş etdirirlər. Bizdə isə təkcə 2014-cü il ərzində 5 nəfər Qarabağ qazisi özünü yandırıb... Məncə buna əlavə heç bir şərh verməyə ehtiyac yoxdur.

Neçə gündür sosial şəbəkələrdə və xəbər saytlarında Kəlbəcərdə əsir düşən 2 nəfər haqqında videolar dolaşır. Çalışdım ki, o videoların heç birini qaçırmayım. Hamısını izlədim, yan -yana, qovrula-qovrula izlədim. Ürəyində bir damla da olsa Vətən sevgisi, Vətən nisgili olan hər kəs izləmişdir mühtəmələn.

Dilqəm müəllimin qolları bağlı erməni polisinin qarşısına gətirilməsi mənə, həm də Orxan Zeynalovun qolları arxadan bağlı, boynu əyik rus nazrinin qarşısına gətirilməsini xatırlatdı. Deyəcəksiniz ki, eyni şey deyil. Amma xatırladım ki, Orxan Zeynalovun son günlər dərc olunan açıqlamasında onun heç kimi öldürmədiyi bildirilirdi. Və Orxanla baş verən hadisə məhz Rusiyanın bizi Avrasiya ittifaqına üzv olmağa vadar etmək istədiyi dövrə təsadüf edirdi. O dövrə ki, Rusiyadan yüzlərlə həmyerlimiz deportasiya olunurdu. İndi niyə yoxdur bu problemlər?! Və yaxud da illərlə Rusiyada yaşayan həmyerlilərimizdən təbii ki, müxtəlif cinayətlərdə adı hallananlar olurdu. Hətta cinayət törədənlərin belə hansını qolu bağlı nazir qarşısına çıxarırdılar? Nə isə, Orxan siyasətin qurbanı oldu. Və biz də, vətəndaşımıza sahib çıxa bilmədik. Torpağımız kimi...

Qayıdaq Dilqəm müəllimə... Bu cümlələri yazarkən öyrəndim ki, ermənilər Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı çoxsaylı qondarma ittihamlar irəli sürüblər. Onların arasında casusluq və dövlət sərhədini pozmaqla bağlı maddələr də var. Dəhşətə bax... Kimə anlatasan ki, anasının qəbrini ziyarətə getmək casusluq deyil, öz ana yurduna getmək, Azərbaycandan Azərbaycana getmək dövlət sərhədini pozmaq deyil. Bəli, Azərbaycandan Azərbaycana, Azərbaycandan Ermənistana yox, Arsaxa yox, məhz Kəlbəcərə, Vətənə, Məkkəsinə, Mədinəsinə...
Kəlbəcərə səfəri ilə bağlı sonuncu videoda işlədir bu ifadəni Dilqəm müəllim, "mənim Məkkəm, Mədinəm Kəlbəcədir"- deyir. Çox təsir elədi. Amma nə əhəmiyyəti var? Belə bir insan üçün nə elədik biz?! Dilqəm müəllim qarşı tərəfin əlinə keçəndən bu günə qədər, erməni tərəfindən belə onun müdafiəsinə qalxanlar oldu. Erməni kəşfiyyatçıları yığışıb açıqlama verdi ki, kəşfiyyatçı cibində bayraqla keçməz qarşı tərəfə. Məşhur Tekali prosesinin təşkilatçılarından olan Georgi Vanyan onun ailəsindən üzr istədi. Bircə biz tərəfdən təşkilatlanmış dəstək olmadı, heç olmasa bir müraciət imzalanmadı. Yəni ən azından bir siyasi məhbus qədər hörmət qoyulmadı. Bunu da hökümətdən gözləmək məntiqsizlikdir. Təbii ki, hökümət boynuna düşəni eləməlidir. Amma dövlətinə də, tarixinə də, torpağına da, o torpaq nisgili ilə düşmən əlinə keçən qəhrəmanına da Xalq sahib çıxmalıdır. Amma yox, olmadı...

Biz bu gün sosial şəbəkələrdə dil qəhrəmanlarından artıq heç nə deyilik. Dilqəm müəllimin videoların paylaşıb, onun rəsmini profil şəkilləri edirik. Riyakarcasına.. Bu sözə görə məni qınaya bilərsiz. Amma bəlkə söz şilləsi bəzilərini özünə gətirə. Ən az bu pafoslu statusları yazıb, lazımsız çıxışlar etməkdənsə tarixi araşdırıb, silah işlətməyi öyrənmək lazımdır. Nə qədər ki, bir gün facebookdan başımızı qaldırıb erməni ilə üz üzə oturduğumuzu görməmişik...

Onu isə itirdik. Erməni heç bir təklifə qarşılıq Dilqəm müəllimi bizə qaytarmayacaq. Ona, yuxudan oyanıb gördüyü, Kəlbəcər dağlarında dalğalanan Azərbaycan bayrağını bağışlamayacaq.
Təəssüf... Ən azından ona görə ki, Dilqəm müəllim bu məmləkətdə Azərbaycan bayrağını cibinə qoyub Kəlbəcərə gedə bilən son azərbaycanlı idi... Ya da ona görə ki, burda maşın, ev, torpaq, obyekt üstündə dava salmayan, ümumiyyətlə bunların heç birində gözü olmayan, gözü Kəlbəcərdə, öz kəndində olan son azərbaycanlı... Bəlkə də əsirliyi, ölümü heçə sayaraq anasının qəbrinə baş əyməyə gedən son azərbaycanlı... Biz, o torpaqları qaytarmaq üçün birləşə bilmədik, bəlkə o, son azərbaycanlını qurtarmaq üçün birləşək?!

İnanmıram!