Rəsul Quliyev: “Xalq müxalifətə müqəvva kimi baxır”- MÜSAHİBƏ

"Müxalifətin daxilində həm Rusiyaya, həm də Azərbaycan MTN-nə işləyənlər kifayət qədərdir"


"Seçici partiyanın adını eşidən kimi gözünün qabağında onun boş-boş danışan lideri canlanır"


"Azərbaycanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı o vaxtlar özlərini AXC adlandırıb, 1992-ci ildə hakimiyyətdə əsas postları tutanlardır"


"Putin rejimi Şərqi Ukraynada dağıtdıqları binaların xarabılıqlarının altında qalacaq"



Eks-spiker Rəsul Quliyevin AzNews.az-a müsahibəsi:

-ACP-dən istefa verdikdən sonra aktivliyiniz müşahidə olunmur. Bu, nə ilə bağlıdır?

-Azərbaycanda bir çox məsələlərə münasibət klassik və ya dünyanın bir çox ölkələrinin qəbul etdiyi kimi deyil, belə deyək, Azərbaycansayağı başa düşülür. Onlardan biridə sizin söylədiyiniz aktivlikdir. Təəssüf ki, bir çoxları aktivliyi çığır- bağır salmaq, şüar xarakterli pafoslu nitqlər demək və ya heç bir dəlili olmadan, heç bir analiz etmədən başqalarının ünvanlarına söylədikləri, yazdıqları hədyanlarda axtarırlar. Məndə ACP-dən istefa verənə qədər azərbaycanlıların qəbul etdiyi aktivlik olmayıb. Artıq 8 ildən çoxdur ki, heç vaxt "bu il hər şey dəyişəcək", "indiki rejimin sonudur" deməmişəm. Siz yəqin, ayda bir dəfə "bu il rejimin axırıncı ilidir", "dünya dəyişib, qərb artıq bu rejimi qəbul etmir" deyənləri aktiv hesab edirsiniz. Məsələ ondadır ki, ACP-də olanda da "rejim xalqın rejimi dəyişməyə dəstəyi olmadan heç vaxt getməz" və ya "Qərbin bu rejimi dəyişəcəyinə inanmaq əbləhlikdir" deyirdim. İndi də bu fikirdəyəm. ACP-nin 2013-cü ilin avqustunda verilən qərarından sonra Milli Şuranın blef təşkilat olduğunu yazırdım. Yenə də o fikirdəyəm. Özünüz diqqət yetirin, AXCP və Müsavat partiyası bir-birlərinə düşmənçilik edir. Əgər Milli Şura, İctimai Palata və ya yeni yaradılan Düşüncə Mərkəzi kimi heç bir əhəmiyyəti və gücü olmayan təşkilatlarla xalqı aldatmaq aktivlikdirsə, bəli, mən bu aktivlik imitasiyalarında heç vaxt iştirak etmərəm.

-Sabiq ACP-çilərlə əlaqələriniz varmı?

-ACP-də olanda da tək partiya üzvləri deyil, cəmiyyətin bir çox tanınmış şəxsləri o cümlədən, başqa partiyadan olanlarla əlaqə saxlayırdım. İndi də o qaydada davam edir. Ola bilər, kimlərləsə əlaqə saxlamıram, amma uzun müddət tanıdığım və pozitiv münasibət bəslədiyim istər ACP üzvləri ilə, istərsə də başqaları ilə əlaqələr davam edir.

-Azad Demokratlar Partiyası ilə münasibətləriniz necədir?

-Bu partiya yaxın vaxtlarda yaranmış siyasi qurumdur. Burada gənclər çoxluq təşkil edirlər. Keçmiş partiyaların liderlərinin istefa verib getməsini və həmin partiyaların rəhbərliyinin yeni gənc liderlərlə əvəz olunmasını dəstəklədiyim kimi yeni yaranmış partiyaları da dəstəkləyirəm. Bu dəstəyin səviyyəsi bir başa onların real aktivliyindən asılı olacaq. Ümumiyyətlə, normal ölkələrdəki kimi istənilən uduzulmuş seçkidən sonra, yəni 5 ildən bir partiya liderlərinin dəyişməsi ənənə şəkilini almalıdır. Azərbaycanda sivil münasibətlərin heç olmazsa bir komponenti olmalıdır. Partiyanın başında 10 ildən çox oturan insanların "1 şəxs 10 ildən artıq prezident seçilməməlidir" deməyə nə mənəvi, nə də əxlaqı haqqı var. Düşünürəm ki, 10 illik partiya lideri vaxtında istefa versə, onlara pensiya kəsilməlidir. Onda bəlkə bu adamlar bacarmadıqları işdən əl çəkib, cəmiyyətin inkişafına mane olmazlar.

-Seçkilərlə bağlı nə düşünürsünüz? Müxalifətin bələdiyyə seçkilərində iştirak etməsinin tərəfdarısınız?

-Bələdiyyə seçkilərində fərdi qaydada iştirak etmək lazımdır. Hökumət şərait yaratmalıdır ki, hər kənd və qəsəbənin real nüfuzlu şəxsi seçkilərdə iştirak etsin. Bu, demokratiya istiqamətində ilk addım olar. Nüfuzlu insanlar iştirak etmək imkanına malik olsalar belə, müxalifət 5 faiz səs toplaya bilməz.

-Yeni birlik təşəbbüsləri olarsa, dəstək verəcəksinizmi?

-Kimə dəstəkdən söhbət gedir? Xalq müxalifətə müqəvva kimi baxır. Məgər mən müqəvvaya dəstək verə bilərəmmi?! Rayonlarda sözün əsl mənasında kifayət qədər nüfuzu olan partiya üzvləri var. Onların seçilmək şansları böyükdür, bu insanların sayı bələdiyyə seçkilərində 25 faizə çata bilər. Amma onların üzərindən müxalifət damğasını götürmək lazımdır. Bu ləyaqətli insanlar ancaq bu damğaya görə seçilməyəcəklər, çünki seçici partiyanın adını eşidən kimi gözünün qabağında onun boş-boş danışan lideri canlanacaq.

-Bir neçə gün öncə, AXC-nin 25 illik yubileyi qeyd edildi. Hətta bu yubileydə də müxalifət bir araya gəlmədi. Bunun səbəbi nədir?

-Çox xəcalət çəkiləsi haldır. Birincisi kimisə qonaq çağırıb onu fitə basmaq, dəvət edənin (şəxsiyyətin kimliyindən və şəxsi münasibətindən asılı olmayaraq) ya tədbirə hazırlıqsız olduğundan ya da iclası idarə edə bilməməsinə dəlalət edir. Bu günü olmayan insanlar və ya təşkilatlar keçmişdə özləri üçün qəhrəmanlıq anları axtarırlar. Xalq hərəkatını təmsil edən AXC-nin varisi olmaq uğrunda (1987-ci il Qarbaçov "perestroykası" demək olar ki, bütün respublikalarda xalq cəbhələri adları altında qurumların yaranması ilə nəticələndi. Faktiki, AXC 1990-cı ilin yanvarından dağılmağa başladı və faktiki olaraq ən zəif Xalq Cəbhəsi bizimki idi) iki partiya-Müsavat və AXCP mübarizə aparırlar. Nə vaxtsa, çox mühüm şəxslər olduqlarını xalqa sırımaq istəyirlər, amma bunun onları daha da hörmətdən saldığını dərk etmirlər. Azərbaycanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı o vaxtlar özlərini AXC adlandırıb, 1992-ci ildə hakimiyyətdə əsas postları tutanlardır.

-Bəzi siyasətçilər iddia edir ki, DTK agentlərini AXC-nin daxilinə yeritmişdi. Necə düşünürsünüz, doğrudanmı, belə idi?

-AXC-nin üzvləri Əbülfəz Elçibəy, Etibar Məmmədov və Rəhim Qazıyevlə münasibətlərim var idi. KQB-nin agentlərinin AXC-də olmasına kiminsə şübhəsi ola bilər? İndi də müxalifətin daxilində həm Rusiyaya, həm də Azərbaycan MTN-nə işləyənlər kifayət qədərdir.

-Hazırda Dağlıq Qarabağ məsələsi gündəmdədir. Münaqişənin həlli istiqamətində Rusiya və Fransanın aktivləşməsi nə ilə bağlıdır?

-Düşünmürəm ki, ciddi bir səbəbi olsun. 20 ildə birinci dəfədir ki, Qarabağ məsələsinin həllində müəyyən qığılcım yaranır. Hökumətin başqa ölkələrlə münasibətini Qarabağ probleminə münasibətə bağlaması müsbət haldır. Ancaq təəssüf ki, bu elə bir nəticə verməyəcək. Qərb ölkələrinin Azərbaycandan heç bir asılılığı yoxdur, Rusiya isə Azərbaycanı təsir dairəsindən buraxan deyil. Bu gün Ukrayna hadisələrinin fonunda Azərbaycanın Qarabağ problemini qabartmaq şansı artıb. Azərbaycan açıq və uca səslə "ölkə heç bir ittifaqa daxil ola bilməz, çünki torpaqların 20 faizi işğal altındadır" deməlidir. Rusiya Azərbaycan öz tərəfinə çəkmək istəyirsə, ilk növbədə Azərbaycanın torpaqlarının azad edilməsinə (hissə-hissə deyil, bütövlüklə həll edilməlidir) real kömək etsin. Qərbə mesaj vermək lazımdır ki, 1 milyon qaçqının səbri, artıq tükənib, onlar torpaqların azad edilməsini tələb edirlər. Qərbdə parlament və deputatlardan istifadə etmək lazımdır.

-Azərbaycan konkret olaraq, istiqamətini Rusiyaya, yoxsa Qərbə tərəf seçməlidir?

-Azərbaycan üzünü ticarətdən, investisiyadan mənfəət götürülən tərəfə tutmalıdır. Bu, Rusiya və Qərb ölkələri ola bilər. Əgər bu gündən söhbət gedirsə, Azərbaycan üzünü çoxdan Qərbə tutub, total iqtisadi əlaqələrin 80 faizi Qərblədir. Rusiyada işləyən 1 milyon vətəndaşımızı kənara qoysaq, iki ölkə arasında elə bir ciddi əlaqə yoxdur. Sivil vətəndaş cəmiyyəti yaratmaq istəyirlərsə, onun yalnız bir istiqaməti var - o da Qərbdir. Torpaqların azad edilməsindən söhbət gedirsə, əsas istiqamət Rusiya, ikinci dərəcəli istiqamət isə Qərb olmalıdır. Ümumiyyətlə, Rusiya ilə ehtiyatlı davranmaq lazımdır.

-Azərbaycan kimi ölkələrdə Amerikanın, Qərbin yürütdüyü siyasətlə bağlı inamsızlıq var. Əfqanıstan, İraq, Suriya, Misir, Liviya kimi müsəlman ölkələrində hələ də sabitlik bərpa olunmayıb. Bilirsiz ki, İraqda İraq İslam Şam Dövlətinin (İŞİD) tərəfdarları dinc sakinləri məhv edir. Digər tərəfdə də İsrail Qəzzanı raket atəşinə tutur. Qərb dövlətləri isə lazımi addımları atmır. Bu barədə nə deyə bilərsiniz?

-İstənilən variantda bu suallara cavabın resepti yoxdur. O ölkələrin bəzilərində 100 ildən artıqdır ki, qeyri-sabitlik davam edir. 1950-ci ilə qədər qeyri-sabitliyi aradan qaldırmaq üçün Britaniya imperiyası cəhd göstərirdi. 50-ci ildən sonra ABŞ cəhd göstərdi. Bu ölkələrin 3-də İslam dininin bir-birləri ilə barışmaz məzhəblərinə sadiq (Sünni, Şiə, Ələvi) insanlar yaşayırlar, bu vətəndaş müharibələri onların arasında gedir. Liviya hələ də tayfa prinsipi ilə yaşayır, sivil qaydaları, qanunları qəbul etmir. Misirdə intellektual təbəqə ilə xalq arasında dərin bir uçurum var. Radikal dinçilərlə liberal dinçilər bir-birlərinə düşməndirlər. 3 ölkənin-İranın, Səudiyyə Ərəbistanının və Türkiyənin regional "derjava"ya çevrilmək istəyi vətəndaş qarşıdurmalarını daima gücləndirir. ABŞ və Qərb ölkələri bunun qarşısının alınmasında demokratiyanı görürlər. Bu ölkələri azad seçkilər keçirməyə məcbur edirlər, amma azad seçkilər dini konservatizmə qələbə çala bilmir. Azad seçkilər resepti Yuqoslaviyad tətbiq edildi, nəticə göz qabağındadır, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya-Hersoqovina, Kosova, Makedoniya vətəndaş müharibəsindən xilas oldu. Hazırda həmin ölkələr inkişaf mərhələsindədirlər. Əlbəttə, bu ölkələrin Avropaya yaxın olması da şərtdir. Amma eyni proseslər Şərqi Avropa, Cənubi Koreya, Latın Amerikası ölkələrində də 100 il müddətində başladı və sivilizasiyanın qələbəsi ilə bitdi. Düşünürəm ki, bu resept müsəlman ölkələrində işləmir. Bu ölkələri əvvəl bir neçə müstəqil dövlətlərə parçalamaq lazımdır. Məsələn, İraqda şiələrin ,sünnilərin və kürdlərin yaşadığı yerlərdə yeni dövlətlər yaratmaq və konfederasiya şəkilində birləşdirmək lazımdır. Bağdad şəhərini isə azı 50 il BMT-nin idarəçiliyinə vermək lazımdır. Suriya da azı 10 il müddətinə BMT-nin idarəsinə verilməlidir. Əfqanıstanda puştu, tacik və özbəklər də bölünməlidir. Yəni, yeganə resept olan demokratiyaya addımbaadım getmək lazımdır.

-Elə Ukrayna ilə bağlı da Qərbin mövqeyi qənaətbəxş deyil, həmin dövlətlər Krımı ilhaq edən Rusiya ilə bağlı iqtisadi sanksiyalar tətbiq etməkdən savayı bir şey etmirlər. Sizcə, niyə belədir?

-Rusiya ilə bağlı problem çox böyükdür. Bu ölkənin nüvə potensialının 30 faizi öz ərazisində partlasa belə, planeti məhv edər. Bu ölkədə rəhbərlik ancaq bir adamın əlində təmərküzləşib. Belə bir vəziyyət birinci Pyotrdan sonra ilk dəfədir, yaranıb. Nə Pyotrdan sonrakı çarlar, nə də bolşeviklərin liderləri mütləq hakim olublar. Cənab Putinin əmri ilə Dövlət Duması müharibə etmək səlahiyyətlərini ona verdilər. Bir sözlə, planeti məhv edə biləcək silahın düyməsi onların əlindədir. Ona görə də Krımla əlaqədar hərbi köməyə heç kim cəsarət etmədi. Hesab edirəm ki, Ukrayna əraziləri bərpa olunacaq və qüdrətli ölkəyə çevriləcək. Putin rejimi Şərqi Ukraynada dağıtdıqları binaların xarabılıqlarının altında qalacaq. Bu, yaxın zamanlarda baş verəcək.


İlkin PİRƏLİ
AzNews.az