Ermənistandan həmsədrlərin son bəyanatına cavab: bütün cəbhəboyu güllə yağdırdı

Azərbaycan Müdafiə Nazirliyi: "Əsgər çatışmazlığından Ermənistan rəhbərliyi Rusiya və digər ölkələrdə yaşayan erməniləri, ikili vətəndaşlığı olan gəncləri də məhkəmə qərarı ilə məcburi qaydada orduda xidmət etmək üçün gətirir"
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu təsdiqləndi və Putinə müraciət edildi

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son sutka ərzində gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, bundan əvvəlki iki gün ərzində ermənilər atəşkəsi üst-üstə 55 dəfə pozmuşdular. Bu mənada atəşkəsin pozulmasının intensivliyi göz qabağındadır. Ermənilərin yenidən fəallaşmasının səbəblərini Azərbaycan Müdafiə Nazirliyində də dəqiq bilmirlər. Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı "Yeni Müsavat"a bildirdi ki, həqiqətən də son sutka ərzində düşmən tərəfdən nisbətən daha artıq güllə atılıb: "Öndəki günlərə nisbətən çoxdur. Ermənilər vaxtaşırı belə təxribatlara əl atır. Bunun nə ilə əlaqəli olduğunu izah edə bilmirik. Bəlkə də nizam-intizam problemindən irəli gəlir". Amma bəzi müşahidəçilər düşmənin güllə yağışını həmsədrlərin son bəyanatına cavab da sayır.

V.Dərgahlı Ermənistanda müharibə təlaşının olmasına da reaksiya verdi. Qeyd edək ki, erməni politoloqu Manvel Sərkisyan "Azərbaycan Rusiyadan silah alaraq bütün istiqamətlərdə hücum qüvvələri hazırlayır. Artıq Naxçıvanda hazır zərbə qüvvələri yaradılıb" deyə, ölkəsində həyəcan təbili çalıb. Axar.az xəbər verir ki, Sərkisyan Azərbaycanın müharibəyə hazırlaşdığını bəyan edib: "Azərbaycanda müharibəyə hazırlıq gedir və rəsmi Bakı hər gün bu iddia ilə çıxış edir. Azərbaycan müharibənin nə olduğunu bilir və Ermənistanı qoruyan Rusiyadan müharibəyə qarışmayacağı ilə bağlı müsbət cavab almağa çalışır. Ermənistan bunu anlayır və bu məsələdə öz mövqeyini göstərməlidir. Bu, mexanizmdir və onun qarşısı alınmasa, səni əzərlər, necə ki, bu, bir neçə dəfə baş verib". V.Dərgahlı isə "Azərbaycanın Silahlı Qvvələri və ön xətdəki qüvvələrimiz hər zaman döyüşə hazırdır və çəkinmədən düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir" deyə bildirdi.

Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Ohanyan Azərbaycanla həmsərhəd kəndlərin əhalisinə silah paylanılması təşəbbüsü ilə çıxış etsə də, prezident Sərkisyan buna qarşı çıxdı. Ermənistan prezidenti Serj Sərkisyanın iyulun 24-də vətəndaşlarla hakimiyyət arasında körpü rolu oynayan İctimai Şura üzvləri ilə görüşündə təhlükəsizlik məsələləri də müzakirə olunub. "Media forum" saytı xəbər verir ki, İctimai Şura üzvləri sərhəd zonasının möhkəmləndirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı təkliflər veriblər. Azərbaycan sərhədi boyunda yerləşən kəndlərin sakinlərinin silahlanması məsələsi əsas müzakirə predmeti olub və Sərkisyan bu təklifə qarşı çıxıb. Ermənistan prezidenti deyib ki, Silahlı Qüvvələr sərhəd rayonlarını nəzarətdə saxlayır və əlində silah tutmaq qabiliyyəti olan sakinləri üçün də hər cür şərait yaradılıb.

Azərbaycanda isə belə bir addıma ehtiyac görülmür.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Ermənistanda sərhəd kəndlərinə silah paylanması təşəbbüsünü öz prezidentinə müdafiə naziri Seyran Ohanyan versə də, Sarkisyanın buna qarşı çıxmasının ciddi səbəbləri var: "Burda çoxlu səbəblər var, amma onlardan ən böyüyü, o silahın elə Ermənistan rəhbərliyinə qarşı işlədilməsi qorxusudur". MN təmsilçisi V.Dərgahlı isə deyir ki, Azərbaycan ordusunda kifayət qədər qüvvə var deyə, mülki əhalinin yardımına zərurət yoxdur: "Ermənistanda demoqrafik problem var, ölkə əsgər çatışmazlığı ilə üz-üzədir. Odur ki, əsas üstünlüyü müqaviləli xidmətə verirlər, onların da sayı azdır. Bu səbəbdən həm yerli əhalidən istifadə edirlər, həm də Ermənistandakı hərbi bazanın kontingentindən. Bu səbəbdən Ermənistan ordusunun heyəti və çağırışçıların sayı azdır. Hətta Ermənistan rəhbərliyi Rusiya və digər ölkələrdə yaşayan erməniləri, ikili vətəndaşlığı olan gəncləri də məhkəmə qərarı ilə məcburi qaydada orduda xidmət etmək üçün gətirirlər".

Təmas xəttindəki gərginliyin həmsədrlərin danışıqların növbəti raundunu keçirməklə bağlı hərəkətə keçdiyi ərəfədə müşahidə olunması da suallar doğurur. Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla ayrı-ayrılıqda görüşüblər. Ancaq Ermənistan mətbuatının yazdığına görə, vasitəçilər faktiki olaraq Məmmədyarovla-Nalbəndyanın görüşünü təşkil edə bilməyib. Uzun müddətdir Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın Parisdə görüşməsi təklif olunur. Digər məlumata görə, Brüsseldə prezidentlərin Nyu-Yorkda, BMT Baş Assambleyasında görüşünün mümkünlüyü də müzakirə olunub. Bu səbəbdən qeyd edilir ki, əgər İlham Əliyevlə Serj Sərkisyanın Parisdə görüşməsi təşkil oluna bilməsə, ümid onların Nyu-Yorkda bir araya gəlməsinə qalır. (Müsavat.com)

AzNews.az