Fərəc Kərimlinin həbsi Müsavatla AXCP-ni qarşı-qarşıya qoydu

Müsavat Partiyası Laçın rayon Təşkilatının üzvü Fərəc Kərimli bağlı keçirilən mətbuat konfransında Azərbayan Xalq Cəbhəsi Partiyasının (AXCP) nümayəndəsinin iştirak etməməsi sözügedən təşkilat funksionerləri tərəfindən narazılıqla qarşılanıb.

Hətta Müsavat başqanının müşaviri Səxavət Soltanlı AXCP rəhbərliyini müsavatçı Fərəc Kərimlinin saxlanılması ilə bağlı keçirilən tədbirdə iştirak etmədikləri üçün ittiham edib. S. Soltanlı mətbuata açıqlamasında F. Kərimlinin müdafiəsi ilə bağlı sosial şəbəkədə AXCP də daxil olmaqla, ümumilikdə demokratik qüvvələrə müraciət olunsa da, onların tədbirdə iştirak etmədiyini dilə gətirib.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə AzNews.az-a açıqlamasında bildirib ki, AXCP səbəbsiz yerə həbs olunan şəxsin müdafiəsinə hazırdır: "Bu günə kimi Müsavat Partiyasına yaxın olan və bu məsələni işıqlandıran "Yeni Müsavat" qəzetində görün, hansı məhbusun şəkili gedir? Ancaq "Azadlıq" qəzeti həbsdə olan Müsavat Partiyasının üzvlərinin şəkilini verib, üstəlik onların ailələri ilə görüşür, dərdlərini bölüşür. Biz də partiya olaraq Müsavatın həbs edilən üzvlərini müdafiə etməyə hazırıq. "Facebook"a da baxsanız görərsiniz ki, AXCP gəncləri və funksionerləri həbs olunan müsavatçıları daim müdafiə edirlər".

Bahar Rüstəmli
AzNews.az