Ermənilər Kəlbəcərdə öldürdükləri Həsən Həsənovu Dağlıq Qarabağda dəfn ediblər

Ermənistan hərbiçiləri tərəfindən Kəlbəcərdə öldürülmiş Azərbaycan vətəndaşı Həsən Həsənov Dağlıq Qarabağda dəfn olunub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, BQXK-nin Dağlıq Qarabağdakı misyası Azərbaycanlı ailəsi tərəfindən qohumu kimi identifikasiya olunmuş adamın dəfn olunması barədə məlumatlandırılıb. "Beynəlxalq Qızıl Xaç Komitəsi dəfn olunmada müşahidəçi kimi iştirak edib.Dəfn olunma zamanı meyitə hörmətlə yanaşılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi meyitin geri qaytarılması ilə bağlı dialoqu davam etdirir".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.

AzNews.az