Polis ailəsi ilə qəzaya düşdü- 8 yaşlı qızı öldü, 3 yaralı

Bu gün saat 16:30 radələrində Şəki ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə zamanı bir ailənin üç üzvü xəsarət alıb və onların 8 yaşlı uşağı dünyasını dəyişib.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun 31-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Bakı sakini Əmrahov Samir Əhməd oğlu idarə etdiyi 90-AP-809 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı işıq dirəyinə çırparaq aşırıb. Nəticədə sürücü, onun həyat yoldaşı Əmrahova Asudə Əzim qızı və onların qızı Əmrahova Zümrüd Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların digər qızı 2006-cı təvvəlüdlü Əmrahova Suada Samir qızı isə elə hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş həkim briqadası ilə dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumatlara görə, hadisənin baş verməsinə səbəb avtomobilin təkərinin partlaması olub. Nəzərinizə çatdıraq ki, xəsarət alan Samir Əmrahov Goranboy rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla əlaqədar Şəki rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizadan sonra bəlli olacaq.

AzNews.az