Bakıda ağır qəza: ölünü və yaralını qaçırdılar

Gecə Bakının Xəzər rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə alınıb.

Məlumata görə qəza, sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobilə nəzarəti itirərək onu yol kənarında olan işıq dirəyinə çırpması nəticəsində baş verib.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib.

Qəzadan sonra avtomobil alışmağa başlayıb. Ərazidə olan sakinlərin köməkliyi ilə alovun qarşısı alınıb, yaralı sürücü və ölən sərnişin avtomobildən çıxarılıb.

Zərbənin təsirindən hətta "`Mercedes"in mühərriki yerindən çıxaraq hadisə yerindən təxminən 10 metr kənara düşüb.

Hadisə şahidlərinin sözələrinə görə, əraziyə təcili yardım avtomaşını gələnə qədər naməlum şəxs "VAZ 21011" markalı avtomobillə yaralını və hadisə nəticəsində dünyasını dəyişən sərnişinin meyitini götürərək oradan uzaqlaşıb.

Qəza yerinə cəlb olunan polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qəzanı törədən sürücü 45 yaşlı Yaqub Həsənov, dünyasını dəyişən sərnişin isə 44 yaşlı Etibar Quliyev olub.

İlkin ehtimala görə qəza sürücünün avtomobili içkili halda yüksək sürətlə idarəetməsi səbəbinlən baş verib. Daha dəqiq səbəblər isə Xəzər rayon polis idarəsindən başlanan araşdırmalardan sonra məlum olacaq.

ANS PRESS