Heydər Əliyevin bağışladığı mülkü hansı məmur mənimsəyir? – Məhkəmə


Bakı Şəhər Icra Hakimiyyətinin məsul işçisinin adı mülk qalmaqalında hallanır. Belə ki, meriyanın hüquq şöbəsinin Cəlal adlı əməkdaşı İran vətəndaşı Şəhram Pursəfəri və Azərbaycan Pedaqoji Universitetin dekan müavini Allahverdi Cəfərovu himayə etməkdə ittiham olunur.

Bu barədə AzNews.az-a müraciət edən Bakı sakini şəhər sakini Yeganə Musa qızı Tahirova bildirir ki, məhz bu şəxs atasından ona qalmış mülkün üçüncü şəxslərin ələ keçirməsinə şərait yaradır.


Y.Tahirova qeyd edir ki Atası Musa Tağıyev 90-cı ildə "Nazim" kiçik müəssisəsini başqa bir şəxsdən alıb və müəssisəni özəlləşdirib. Eyni zamanda şəhərin mərkəzində, hazırda Tahirovanın yaşadığı evin birinci mərtəbəsində ərzaq dükanına sahib olub:
"Həmin vaxt İran vətəndaşı Şəhram Pursəfər və hazırda Azərbaycan Pedaqoji Universitetinin dekan müavini işləyən Allahverdi Cəfərov atamın dükanına sərinləşdirici içkilər gətirirdilər. A.Cəfərov Şəhramın sürücüsü və köməkçisi idi".

Günlərin birində Musa Tağıyev Şəhram Pursəfərə bildirir ki, Mərdəkan qəsəbəsində "Nazim" kiçik müəssisəsi adlı obyekti var və oranı işlətmir. İran vətəndaşı Tağıyevə obyekti İran-Azərbaycan birgə müəssisəsinə çevirərək işlətməyi təklif edir. M.Tağıyev əvvəlcə razılaşmasa da, sonradan "Nazim" kiçik müəssisənin nəzdində "Nüşabə" İran-Azərbaycan birgə müəssisəsi fəaliyyətə başlayır. Müəssisəni bir müddət işlədəndən sonra gəlir əldə edə bilmədiklərini görən tərəflər iş birliyini dayandırırlar.

2002-ci ildə İran vətəndaşı Şəhram Pursəfərin sürücüsü olmuş, hazırda Azərbaycan Pedaqoji Universitetinin dekan müavini işləyən Allahverdi Cəfərov Musa Tağıyevdən "Nazim" kiçik müəssisəsinin bütün sənədlərini alır və müəssisəni üçüncü şəxsə icarəyə verəcəyini bildirir. Razılaşmaya əsasən icarədən əldə olunan gəlirin bir qismi Allahverdi Cəfərova, əsas hissəsi isə Musa Tağıyevə çatacaqmış.

Bu razılaşmadan beş il sonra Cəfərovdan sənədlər geri istənilir və bütün problemlər də bundan sonra başlayır: "Allahverdi Cəfərova zəng vurdum. Bildirdi ki, müəssisəni başqa bir adama satıb. Amma kimliyini demədi. Məsələ araşdırılandan sonra məlum oldu ki, müəssisə 12 saylı dövlət notariat kontorunun intihar etmiş rəisinin imzası olan etibarnamə ilə Allahverdi Cəfərovun həyat yoldaşı Siyasət Tağıyevanın adına keçirib. Siyasət isə müəssisənin 70 faizini İran vətəndaşı Şəhram Pursəfərə satıb".

Yeganə Tahirova bildirir ki, bundan sonra Əzizbəyov (İndiki Xəzər –red.) Rayon Polis İdarəsinə müraciət edir:
"Bizə məlum olmayan, əslində isə məlum olan səbəblərdən Əzizbəyov polisi məsələ ilə bağlı cinayət işini qaldırılmasını rədd etdi. Ardınca 2008-ci ildə Xəzər rayon məhkəməsinə müraciət etdik. Məhkəmənin gedişatında atam dünyasını dəyişdi və məhkəmə hüquqi varis kimi anamı tanıdı. Amma elə bir müddət sonra anam da vəfat etdi və məhkəmə hüquqi varis kimi məni tanıdı".

2013-cü ildə Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov Tahirovanın iddiasını əsassız hesab edərək təmin etmir. Bundan sonra o, Bakı Apellyasiya Məhkəməsinə müraciət edir və hakim iddianı təmin edir. Belə ki, Cəmilə Səfiyevanın sədrliyi və məruzəsi, Saqi Məmmədov və Vüqar Həsənovun ibarət tərkibdə keçirilən məhkəmə iclası 6 fevral 2014-cü ildə "Nazim" müəssisəsini Y.Tahirovanın mülkü kimi tanıyır. Həmçinin məhkəmənin qərarı ilə saxta etibarnamələr əsasında bağlanmış bütün əqdlər etibarsız hesab edilir. Bakı Apellyasiya Məhkəməsin qərarıyla bağlı Ali Məhkəməyə müraciət edən qarşı tərəf burda da uduzur. Belə ki, Tatyana Qoldmanın sədrliyi ilə keçirilən məhkəmənin 12 iyun 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlanılır.

Y.Tahirova bildirir ki, indiki mərhələdə qərarın icra olunmasına Bakı Şəhərə İcra Hakimiyyətinin hüquq şöbəsinin Cəlal adlı işçisi mane olur. Şikayətçinin bildirdiyinə görə, Hacıbala Abutalobovun işçisi olan bu şəxsin dəstəyi ilə qeyri-qanuni hərəkətlər edilir: "Hazırda qarşı tərəf 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bakı Şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzasıyla məhkəməyə daxil olan iddia ərizəsində göstərilir ki, guya torpaq təyinatı üzrə istifadə olunmayıb.

Təbii ki, bütün bunlar əsassızdır. Bütün bunları həyata keçirən və Allahverdi Cəfərovla və İran vətəndaşını himayə edən Cəlal adlı həmin şəxsdir. Allahverdi Cəfərov isə mənə hədə-qorxu gəlir. Deyir ki, bu işdən əl çək, qızlarına yazığın gəlsin. Mən başa düşmürəm ki, icra hakimiyyətinin işçisi bir iranlı dələduzu və özünü müəllim hesab edən Allahverdi Cəfərovu niyə müdafiə edir? Görəsən doğrudanmı Hacıbala Abutalıbovun onun adından məhkəməyə göndərilən iddia ərizəsindən xəbəri var? Bütün instansiya məhkəmələrdə qalib gəldiyimiz halda Bakı meriyasının məsul əməkdaşının bu şəxsləri himayə etməsi çox qəribədir. Mənim atam dövlətə və dövlətçiliyə sadiq adam olub. Atam ümummilli lider, mərhum Prezident Heydər Əliyevlə yaxın dost olub. Şəhərin mərkəzindəki yeri də məhz mərhum prezidentin köməyilə alıb. Amma indi onun qızına və ailəsinə qarşı belə hərəkətlərin edilməsini başa düşə bilmirəm. Bir iranlı dələduzun mənafeyi Azərbaycan vətəndaşının mənafeyindən üstündürmü?"

Qeyd edək ki, Bakı İnzibati İqtisad Məhkəməsi yetərli sübutlar olmadığı üçün hələlik işi baxılmamış saxlayıb. Mövzunu davam etdirəcəyik.





İntiqam Valehoğlu
AzNews.az