Rasim Balayev İbrahimbəyovun ittifaqından çıxmayıb – Açıqlama

Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Günü münasibətilə təyin etdiyi mükafatların qalibləri müəyyənləşib.

Bunu AzNews.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

O bildirib ki, mükafat qaliblərindən ikisi hazırda Bakıda olmadığından avqustun 2-də Milli Kino bayramı ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbir ayın ortalarında baş tutacaq.

Ə. Cabbarov onu da bildirib ki, xalq artisti, adıçəkilən qurumun sabiq baş katibi Rasim Balayev İttifaqın üzvü kimi həmin tədbirə dəvət olunub: "Rasim Balayev kino işçilərinin sevimlisi və şəksiz liderlərindən biridir. İttifaqımızın üzvü Rasim Balayev bu tədbirdə mütləq iştirak edəcək ".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovdur. Xalq artisti Rasim Balayev isə ötən il İttifaqdan istefa verməsi ilə bağlı bəyanat vermişdi.


Bahar Rüstəmli
AzNews.az