Müxalifətdən cəbhədəki gərginliyə reaksiya gəldi - Sorğu

Azərbaycanın müxalifət düşərgəsində təmsil olunan siyasi partiyaları da cəbhədə baş verənləri şərh ediblər.


Azərbaycan Xalq Çəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov atəşkəs dövründə bu cür hadisənin baş verməsini narahatlıq kimi dəyərləndirib: "Baş verən hadisə xalqımız üçün ağır faciədir. Xalqımız daha bir neçə şəhid verdi. Sadəcə olaraq, atəşkəs dövründə belə şəhidlərin verilməsi özü narahatlıq döğurur. 1993-cü ildən atəşkəs elan olunub. Atəşkəs elan olunan dövrdən vu günədə verilən şəhidlərimizin sayı müharibə dövründəki itkilərimizin sayına bərabər olub. Hakimiyyət bunu düşünməlidir ki, birdəfəlik Qarabağ probleminin həlli istiqamətində konkret addımlar atılmalıdır. Hakimiyyət hərbiritorika, bəyanatlarla məşğul olmamalıdır".

H. Kərimov deyib ki, bunu müharibənin başlanması kimi də dəyərləndirmək olmaz: "Bu bir növ hədə-qorxudur".


Xalq Arzusu Hərəkatının təsisçisi Asəf Quliyev deyib ki, cəbhədə yaranmış gərginlik təsadüfi qəbul edilməməlidir: "Ermənistanın Rusiyadan asılılığını nəzərə alsaq bas verənləri Azərbaycana təzyiq kimi qəbul etmək olar. Rusiya-Ukrayna arasında gedən müharibə alovlandıqca, eləcə də qərbin Rusiyaya təzyiqi artdıqca, həmin prosesin zərbəsi Azərbaycana da dəyəcək. Rusiya Azərbaycanı qərbdən aralı saxlamaq ücün Ermənistan vasitəsilə təzyiq edəcək. İndiki geopolitik savaş dönəmində hər şeyə hazır olmaq lazımdır. Düşünmürəm ki, indiki vəziyyətdə genişmiqyaslı müharibə başlansın. Rusiya Ukraynada açıq müharibəyə keçsə Azərbaycanda da müharibə qaçılmazdır. Məncə indiki halda bir millət olaraq ordumuza dayaq durmaq mənəvi-pisxoloji dəstək verməliyik".


Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub da atəşkəsin pozulması hallarını müharibənin başlanması kimi qiymətləndirməyib: "Şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm. Son 20 il ərzində bu ilk hadisə deyil. Erməni işğalçıları dəfələrlə atəşkəsi pozublar. Hər dəfə də Azərbaycan tərəfi düşmənə "layiqli" cavab verdiyini bildirib. Amma nədənsə, bu "layiqli" cavablar şəhidlərimizin sayının artmasına mane ola bilməyib. Erməni düşünülmüş, planlı hərəkət edir. Hər atəşkəsi pozmanın arxasında bir məqsəd güdürlər. Belə görünür ki, bizim hakimiyyətin cəsarətli, ardıcıl və düşünülmüş bir planı yoxdur. Ona görə də bu atəşkəsi pozmaları və onlara verilən "layiqli" cavabları müharibənin başlanması kimi qiymətləndirmək çox çətindir".


Demokratik Qüvvələrin Milli Şurasının Hüqüq komissiyasının sədri Vidadi Mirkamal AzNews.az-a bildirib ki, düşmənin hər bir hücumu dəf edilməlidir.

Onun sözlərinə görə, cəbhə xəttində müasir texnologiyalardan istifadə edib, nəzarət sistemi gücləndirilməlidir.

Bahar Rüstəmli
AzNews.az