Vüqar Tofiqli Vüqar Tofiqli

Museyib kişinin Rəşadı

Vüqar Tofiqli

Ağdamla bağlı araşdırmalar apardığımdan görüşdüyüm şəxslərlə Ağdamı xəyalən gəzməklə yanaşı, onu yaşadan insanları haqqında danışanda seyidin adını tez-tez çəkirdilər. Elə bu məqsədlə köklü bir nəslin nümayəndəsi olan Seyid Müseyib Məcidovla söhbətə qərar verdim. Museyib kişinin telefon nömrəsini alıb danışdım...



İki qarabağlının İvanovka kəndində çox maraqlı görüşü oldu. Müseyib kişinin bizi qarşılaması üçün payi piyada xeyli məsafə qət etməsini heç vaxt unutmayacağam. Ailədə bir-birlərinə olan hörmət - münasibət isə ayrı bir yazının mövzusudur... Görüşümüz üç saata yaxın çəkdi. Kövrəlmişdi Museyib kişi. Özüdə lap çox. "Ey, ay oğul elə bildim Ağdamdayam", deyən Museyib kişi Ağdamda işlədiyi dövrü həyatının qızıl dövrü hesab edir: "Övladlarım bəlkə o havanı udmasaydılar, Qara qayanın suyun içməsəydilər bəlkə bu səviyyəyə çatmazdılar"- deyir.

Söhbətin bəzi məqamlarını sizin də diqqətinizə çatdırıram... Museyib kişinin Ağdamdakı fəaliyyəti 16 yanvar 1965-ci ildən başlayır. Dövlət bankının müdir müavini kimi. O illərdə Dövlət Bankının Ağdam Rayon Şöbəsi Maksim Qorki küçəsinin baş tərəfində olan "Müəllimlər evi" tərəfdəydi. Bankı təzə binaya köçürəndən sonra binanı tarix diyaşünaslıq muzeyinə verdilər. O zaman Yusif Əhmədov muzeyn direktoru idi. 1975-ci ildən isə Museyib kişi şəhər istehlak cəmiyyətinə sədr təyin edilir. 1974-cü ildən isə Rəşid Məmmədov Ağdam Rayon İstehlak cəmiyyəti İdarə heyətinin sədri vəzifəsində işləyirdi. Ağdam RPK nın birinci katibi Həsən Əliyevin vaxtında rayonda Tikinti Bankının rayon şöbəsini yaradıb Museyib Məcidovu ora müdir göndərmək istəyirmişlər. Lakin Museyib kişi bu təkliflə razılaşmır. Bu da Həsən Əliyevin xətrinə dəyir. Lakin seyidə hörməti olduğundan ona bir söz demir. - O vaxt idarə müdiri olmasam da, kolxoz və sovxozların işi məndən keçirdi. Odur ki mənə hörmətlə yanaşırdılar. Elə indinin özündə Rəşaddan soruşanda kimin oğlusan, deyəndə Museyibin deyirlər ki, sənin atan hamıya hörmət edib... Beləliklə, düz on il bankda işlədikdən sonra, məni irəli çəkərək 1975-cildə şəhər istehlak cəmiyətinə sədr seçdilər. O vaxtı Telman Orucov rayona birinci katib gəlmişdi. Tanışlığımız varıydı. Dilruba Mustafayeva ikinci, Seymur İbrahimov isə üçüncü katib idi. Hər biri gözəl insan idi... 1984-cü ilin avqustin 29-a qədər Ağdam "qorpo"nun müdiri işləmişəm. Rəşid Məmmədovda "raypo"nun sədri idi. Yaxşı əməkdaşlıq etmişik. Ağdam ticarətinin inkişafında Rəşid müəllimin böyük zəhməti olub... Şəhər istehlak cəmiyyətinin binası əvvəlcə bir saylı Musiqi məktəbinin (Lauranın məktəbi) yanı ilə gedəndə sağ tərəfdə yerləşirdi. Sonra bina tikdirdik. Məişət Xidməti Kombinatına yaxın, M.F.Axundov küçəsinin baş tərəfində. Yeni bina bir nömrəli məktəbə və Pioner bağına yaxın yerdə idi. Ora həm də Çay evinin səmti idi... On illik dövrdə bizim nə fəaliyyətimiz varıydısa, Rəşid Məmmədovun adı ilə bağlıdır... Bu arada dostları barədə danışır. -Ağa müəllim varıydı, İcraiyyə Komitəsinin sədr müavini. Ağdam şəhərinin abadlaşdırılmasında onun böyük rolu olmuşdu. Ağa Ağamirov... Yusif Əhmədov isə şəxsiyyət idi. Geniş əlaqələri vardı. Bir dəfə Vaqif Səmədoğlunu Ağdam "qorpo"suna gətirib dedi ki, bəs dahi Səməd Vurğunun oğludu, tanış ol... Məmməd Əmirovla yaxşı münasibətimiz vardı. Onun oynadığı "Qacar " rolu ayrı bir aləm idi.. Söhbət zamanı Müseyib kişi "mexanzasiya" da dərs deməyindəndə danışır. - Ağdam Mexanikləşdirilmə və Elektrikləşdirilmə Texnikumunda dərs deməyə dəvət etdilər. Texnikumun direktoru Məhərrəm Məhərrəmov idi. Zülfüqar Səfərəliyevdə qiyabi şöbənin , bacanağı Fazil müəllim isə əyani şöbənin müdiri idi. Bankda işləyəndə məni dəvət etmişdilər. Bir neçə il "Maliyyənin əsasları" fənnindən dərs dedim... Ağdamın inkişafında Nadir Abbasovun xeyli xidmətləri olub. Əvvəl Goranboyda işləmişdi. Sonra 1965-ci ildən Ağdama gəldi. Sosialist Əməyi Qəhrəmanı adını da Salyanda almışdı. Məşədi Abbasın bacısı oğluydu... Ağdamdakı əmək fəaliyyətimə Xosrov Agayevlə başlayıb, Sadıq Murtuzayevin vaxtında qurtarmışam... Sadıq müəllim işləyən adam idi. O Ağdamı ağdamlılardan çox istəyirdi. Sadıq müəllimlə xüsusi münasibətimiz var idi. İndi də qalır. Abdal-Gülablı sanatoriyasını o saldı...
O gün Rəşid Məmmədova zəng elədim ki, bəs Vüqarın yazısını oxumusanmı, - dedi qəzet stolumun üstündədir... Ağdamın adı gələndə kövrəlirəm. Orda çoxlu dostlarım olub. Bu gün əksəriyyəti rəhmətə gedib. Çoxu ayrılığa dözə bilmədi. Yaxşı kişilər öldü getdi, zəmanə də dəyişdi... Kövrək notlarla söhbəti bitiririk. Museyib kişiylə söhbətdə yaddaşımda qalan ikinci məqam İvanovkaya gedərkən yolda üç dəfə zəng etməsi olmuşdu. Hər üçündə də təkidlə "yolda heç yerə düşməzsiniz ha, nahar bizdə olacaq" deməsiydi...

Üç il əvvəlki söhbətə qayıtmağımın əsas səbəbkarı isə seyidin oğlu Rəşad Məciddir... Rəşad Məcidlə münasibətim daha çox QARABAĞLI müstəvisində sərgilənir. Qarabağa həsr etdiyim kitabların hər birinə ön sözü məhz Rəşad müəllim yazıb. Sonucusunu yazmağa təkid etsəm də, ləngitməsinin səbəbini "İyirminci yüzilin Ağdamı" kitabının təqdimatındakı kövrək çıxışında hiss etdim. O çıxışı isə indiyədək unuda bilmirəm...

Bu gün Rəşad Məcid əlli yaşına qədəm qoyur. Bu münasibətlə haqqında yazılanların hamısını maraqla oxudum. Yazılarda yaradıcı şəxs kimi Rəşad Məcidin bütün tərəflərinə toxunulur. Amma bir məqam nədənsə unudulmuşdu. O da onun nəsli, şəcərəsi, kökü ilə bağlıydı...

Kökü olmayan ağacın yan yönərinə nə qədər keçsəndə bitmədiyi kimi, zatı kökü olmayan insanda hörmət nufuz sahibi ol bilmir...

Rəşad kimi övlad isə yalnız kökü olan nəsildən çıxır... Odur ki, belə bir övlad yetişdirdiyinə görə, təbriklər birinci növbədə atası Museyib kişi və anası Yavər xanıma düşür. Çünki Rəşadı bu səviyyəyə və bu hörmətə çatdıranda məhz onlardır, onların bir birlərinə olan münasibətidir.

Sonda isə Rəşad Məcidə bir arzum var:- növbəti ad günlərinin birini Ağdamlı günlərdə olduğu kimi keçirmək ona nəsib olsun. Biz isə o tədbirə dəvətsiz belə gəlməyə hazırıq...