Yusif İldırımzadəni “Meşə qardaşları” ilə nə birləşdirir... Yusif İldırımzadəni “Meşə qardaşları” ilə nə birləşdirir...

Adı Elşad Abdullayevlə hallanan prokurora – ŞOK İTTİHAMLAR (Foto)

Yusif İldırımzadəni “Meşə qardaşları” ilə nə birləşdirir...


"Həyat yoldaşımı Xətai rayon prokuroru Yusif İldırımzadənin sifarişi ilə özünün otağında vəhşicəsinə döydükdən sonra bütün ailə üzvlərini öldürməklə təhdid ediblər. İldırımzadə bundan əvvəl də "Meşə qardaşları" qruplaşmasının öldürülən üzvlərindən biri vasitəsilə həyat yoldaşımı ölümcül döydürüb".



Bu sözləri AzNews.az-a şikayətçi Bayramova Ləman Əlizaman qızı yazıb. Onun bildirdiyinə görə, həyat yoldaşı Ravil Bayramov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda həbsdədir və bunun sifarişçisi Xətai rayon prokuroru Yusif İldırımzadədir:

"Ravili Azər Əli oğlu Həsənov adlı şəxsdən 750.000 manat pulu dələduzluq yolu ilə alıb, çox hissəsini geri qaytarmamaqda ittiham edirlər. Əslində isə bu ittiham qondarmadır. Həyat yoldaşıma kommersiya fəaliyyətini genişləndirmrək üçün Azər tərəfindən həmin məbləğdə pul müxtəlif dövrlərdə faizlərlə bir neçə dəfəyə borc kimi verilib və həyat yoldaşım həmin pulların hamısını qaytarıb.

Lakin həmin pulun qaytarılmasında bəzən gecikmələr olub və Azər Həsənov bundan istifadə edərək Ravildən fantastik dərəcədə faiz tələb edib. Həmin faizlərin böyük bir hissəsi Ravildən zorla alınıb".

Şikayətçi Ləman Bayramova deyir ki, Azər Həsənov həmin pulları guya xalası qızının həyat yoldaşı olan Xətai rayon prokuroru Yusif İldırımzadədən və onun bacanağı Nizami Rayon Polis İdarəsində istintaq şöbəsinin rəisi İlham Paşayevdən alıb:

"Həyat yoldaşım həmişə çalışıb ki, İldırımzadədən, İlham Paşayevdən və onların adamlarından aldığı pulları zamanında qaytarsın. Düzdür, bəzən gecikmələr olub. Ancaq pulu həmişə ödəyib. Həyat yoldaşım Azərin bütün xərclərini qarşılayıb. Azərin İngilitərədə oxuyan oğlunun təhsil haqqını ödəyib, Azər üçün doğum günü tədbiri keçirib. Fotoda gördüyünüz də elə həmin doğum günüdür. Dəfələrlə bulvarda yerləşən alış-veriş mərkəzində ən bahalı mağazalarda istədiyi paltarları həyat yoldaşıma aldırıb. Borcun geri qaytarılmasında bir az gecikmə olana qədər münasibətləri yaxşı olub. Son zamanlar Ravilin işləri pis gedib və faizləri geri verməyə imkanı olmayıb. Ravil aldığı pulların faiz kimi yığılmış məbləğin bir hissəsini ödəyə bilmədikdə o, Xətai Rayon Prokurorluğuna zorla aparılaraq prokuror İldırımzadənin iş otağında döyülüb və Ravilə deyilib ki, təcili faizləri qaytarmasan, səni və ailə üzvlərini məhv edərik".

(Sağdan birinci şəxs Ravildi, onun yanındakı isə 45-i qeyd edən Azər)

Ləman Bayramova iddia edir ki, Xətainin prokuroru Yusif İldırımzadənin Balakəndə bir zamanlar mövcud olmuş "Meşə qardaşları" ilə əlaqəsi var:

"İlham Paşayev həmin faizlərin qaytarılması ilə bağlı Ravilin atasi Eyvaz Bayramovun üstünə cinayətkar aləmdə tanınmış, "Meşə qardaşları" cinayətkar qrupunun üzvləri olan Kamil Huşənovu göndərib. Həmin Kamil adlı şəxs sonradan MTN-in keçirdiyi əməliyyatda ölü olaraq ələ keçirilən qruplaşma üzvlərinin arasında olub. Keçən ilin iyun ayında həmin cinayətkar qrupun üzləri qayınatamı hədə-qorxu ilə Bakıya çağırıblar. Qayınatam, Ravil, bibisi oğlu Rasim və qaynım Loğman təyin edilmiş görüş yerinə gəlib. Söhbət zamanı onların arasında mübahisə düşüb və nəticədə Ravil həmin quldurlar tərəfindən döyülərək ağır yaralanıb. Bundan sonra onlar zorla qayınatamı və qayınımı Azər Həsənovun "Mersedes Benz C-180" markalı maşınına mindirib 8-ci mikrorayonda yerləşən "Balakən" kafesinin zirzəmisindəki "Eqoist" çay evinə gətiriblər. Onları öldürəcəkləri, ailə üzvlərinin başına oyun açacaqları ilə hədələyiblər".

Vətəndaşın müraciətində borc müqaviləsinin silahlı təhdiddən sonra imzalandığı vurğulanır:

"Bu hadisədən bir qədər vaxt keçdikdən sonra həmin silahlı dəstənin üzvləri Ravili silahla hədələyərək, həmin faiz borclarını göstərən yalançı müqaviləni imzalamağa məcbur edib. Ravil özünün və bizim həyatımızın təhlükədə olduğunu görüb müqaviləni imzalayıb.
Qanuna görə, 30 mindən artıq borc verildikdə imzalanan borc müqaviləsinə pulun hesabdan digər hesaba köçürülməsini təsdiq edən qəbz də əlavə edilir. Bu müqavilənin qondarma olmasını həmin qəbzlərin olmaması da isbat edir. Həmin müqavilə tərtib edildikdən sonra Ravil müqavilədə göstərilən 300.000 manatın yarısından çoxunu Azərə verib. Məbləğin qalan hissəsinin verilmədiyini gördükdə isə Azərin təhriki ilə onun sürücüsü Denis Popov DİN-ə şikayət edərək İldırımzadənin göstərişi ilə Ravili həbs etdirib".


Fuad Ələsgərovun və Zakir Qaralovun qəbulunda

Vətəndaş iddia edir ki, yüksək rütbəli şəxslərin də qəbulunda olub:
"Avqustun 1-də Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərov məni qəbul etdi. Dərdimizi danışdıqdan sonra bizi hüquqlarımızın bərpa edilməsi üçün Respublika Baş prokuroru Zakir Qaralovun qəbuluna göndərdi. Zakir Qaralovun Qazaxda qəbulunda oldum və məsələni danışdım. Zakir Qaralovun köməkçisi Namiq Məmmədovla da görüşmüşük, amma heç bir nəticə yoxdur. Halbuki Fuad Ələsgərovun işçiləri öz dili ilə dedilər ki, sənin yoldaşını yükləyiblər".

Gəl, sən ərindən boşan…

"İşi araşdıran müstəntiq heç yerə şikayət etməyək deyə, bizi Ravilin qardaşının həbsi ilə hədələyir. Ravilin işi mülki iddia olmasına baxmayaraq, onu dələduzluq maddəsi ilə ittiham edirlər. İşi araşdıran müstəntiq Tofiq Nəbibəyli yoldaşım həbs olunan zaman onun üzərində olan "Ayfon" markalı telefonu və 1000 manat pulu qaytarmaq istəmir. Hələ bu azmış kimi, mənə deyir ki, Ravil sənin nəyinə lazımdır? Niyə boşanmırsan?

Görür ki, mən bu işdən əl çəkmirəm, hər yerə şikayət edirəm, o da narahat olur. Məni həyat yoldaşımdan soyutmaqla bu işdən əl çəkməyimə nail olmaq üçün Ravilin guya 5 arvad saxlaması kimi absurd fikirlər yayır. İşi araşdıran müstəntiq bizdən 5 min manat tələb edir ki, Ravilin qardaşını da həbs etməsin".

3 min manat da vəkil "atıb"

"Bütün bu olanlar azmış kimi, vəkil kimi tutduğumuz Fərman adlı şəxs də bizə 3 min manat atıb. Sonradan öyrəndik ki, sən demə, həmin vəkil Yusif İldırımzadənin göstərişi ilə işləyirmiş. Elə ona görə də həyat yoldaşıma deyirdi ki, həbsdən tez çıxmaq və bu məsələnin tez həll olmasını istəyirsənsə, izahatında döyülməyini yazıb işi uzatma".




Ravilin həyat yoldaşı tək ümid yerinin ölkə Prezidenti olduğuna inanır:

"Mən əminəm ki, cənab Prezidentin məmurlarımızın bu cür davranışından xəbəri yoxdur. Onun məlumat almasından sonra məsələnin həllinə inandığım üçün aidiyyəti şəxslərin vicdanlarının səsini dinləməsini və məsələni cənab Prezident İlham Əliyevə çatdırmasını rica edirəm".

Xətai Rayon Prokurorluğundan bildirdilər ki, bu iddialar prokurorluğa deyil, birbaşa prokuror Yusif İldırımzadəyə aid olduğu üçün prokurorluq buna cavab verə bilməz.

Prokuror Yusif İldırımzadə isə iki gün davamlı aramalarımıza baxmayaraq, işdə olmadığını söylədilər.

Azər
AzNews.az