Səfir: “Türkmanların yaşadığı Əmirli şəhəri İraqın Stalinqradıdır”

"Terrorçu İŞİD qruplaşmasının üzvləri İraq xalqının bütün nümayəndələrinə - ərəb, kürd, türkmən, xristian və yezidilərə qarşı cinayət törədiblər. Onlar Hava Hücumundan Müdafiə Qüvvələrinin zabit və kursantlarından ibarət 2000 nəfəri amansızlıqla qətlə yetirib, yezidiləri və xristianları İslam dinini qəbul etməyə məcbur edərək, Mosul qadınlarını sürgün edib, Səncar kəndinə girərək yezidi qadınları "qul bazarında" satmağa başlayıblar".

Bunu APA-nın sorğusuna cavab olaraq İraqın Azərbaycandakı səfiri Heydər əl-Barak türkmənlərin kompakt yaşadığı Əmirli şəhəri ətrafından baş verənləri şərh edərkən bildirib.

Onun dediyinə görə, "Əmirli" sözünün mənası burada yaşayan əhalinin soykökü ilə bağlıdır: "Bu kiçik dinc şəhər Tozxormato əyalətinin tərkibindədir. 20 min əhalisi olan Tikrit şəhərindən 90 km uzaqlıqda yerləşən bu şəhərin əksəriyyətini türkmanlardan olan əl-Bəyat nəsli təşkil edir. Onlar yüz illiklər boyunca ətraf kənd və şəhər sakinləri ilə firavan və əmin-amanlıq içində yaşayıblar. Təxminən iki ay əvvəl insanlıq düşmənləri türkmən əsilli bir nəfəri belə sağ saxlamamaq məqsədilə şəhəri hər bir tərəfdən amansız həmlələrə məruz qoyub və mühasirəyə alıb, orada kütləvi qırğın və irqi təmizləmə törətməyə cəhd ediblər. Bunlara baxmayaraq, şəhərin igid oğulları və şəhəri müdafiə etmək tapşırığı almış İraq ordusu alayının cəngavər döyüşçülərinin şücaəti nəticəsində İŞİD qruplaşmasının istəkləri uğursuzluqla nəticələnib".

Səfir qeyd edib ki, hazırda böyük dözüm nümayiş etdirən bu kiçik şəhər mühasirədən çıxmaq üçün bütün insaf sahiblərinə, beynəlxalq ictimaiyyətə, dost ölkələrə, insan hüquqları təşkilatlarına müraciət edərək onlardan yardım gözləyir: "Terrorçular şəhər əhalisini tez bir zaman ərzində təslim olmağa məcbur etmək üçün qida, su və dərman preparatlarının şəhərə daxil olmasına qadağa qoyublar. Mühasirə müddəti ərzində şəhər əhalisi vertolyotlar vasitəsilə qida, su və dərman yardımı alıblar. Mühasirədən 60 gün keçməsinə baxmayaraq, Əmirli şəhəri qəhrəmancasına dözür və şücaət göstərər, cinayətkarların şəhərə daxil olmasının qarşısını alır. Məhz buna görə də Əmirli şəhəri İraqın Stalinqradıdır".

AzNews.az