Elşad Paşasoy Elşad Paşasoy

İŞİD yox, işıq gələn tərəfə gedək

Elşad Paşasoy


Vaxtilə dəyərli politoloq Vəfa Quluzadə deyəndə ki, Rusiya Cənubi Qafqaza işğal planı hazırlayıb, bir çoxları bizi də, təcrübəli analitiki də qınamışdı. Rus tankları Gürcüstanı şumlayandan, Abxaziya ilə Cənubi Osetiyanın "müstəqilliyini" tanıyandan sonra da özünü daha ağıllı sayanlardan ittihamedici fikirlər eşitdik.

Dünyanın sakit guşələrindən biri olan Krımın ilhaqından, Ukrayna kimi sakit ölkənin cəhənnəmə çevrilməsindən sonra da bəzi ruspərəstlər absurd iddialarında qalmaqdadır. Kim bilir, bəlkə də bu mövqeni sərgiləmək elə onların birbaşa missiyasıdır, alternativləri yoxdur.

Ötən ayın əvvəllərində yazmışdıq ki, Rusiya Qarabağda ikinci cəbhə açıb diqqəti Ukrayna hadisələrindən yayındırmaq istəyir. Çox keçmədi ki, Qarabağda silahlar işə düşdü, tərəflər xeyli itki verdi. Ardınca da Putin Soçi görüşünü təşkil edib özünü sülhməramlı kimi göstərməyə çalışdı. Rusiya bununla həm də Qarabağın açarını özündə saxladığına işarə elədi. Axı son zamanlar Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə bir araya gətirilməsi planı var idi, ABŞ və Fransa buna hazırlaşırdı. Putinin barmağı adicə bir görüşə də imkan vermədi. Demirik ki, erməni günahsızdır, erməni cəlladlarının törətdiyi bəşəri cinayətlərin özgə cəzası var. Ancaq rus imperiyası olmasaydı, erməninin Azərbaycanın tarixi torpaqlarında nə ölümü vardı...

"Yeni Müsavat" növbəti təhlükənin anonsunu verib: Rusiyanın Qarabağda böyük təxribat hazırlaması haqda manşet yazı dərc edib. Rusiyanın öz bazarını Azərbaycan bostanına açıq elan etməsi addımı aldadıcı da ola bilər, Moskva daha böyük bazarın marağındadır - Gömrük İttifaqının, Avrasiya Birliyinin. Putun Azərbaycanı bu vahid bazarın tərkibinə qoşmaq istəyir. Artıq Gürcüstan, Moldova, Ukrayna geridönməz mövqe ortaya qoyub, üzü Avropaya gedirlər, itkiləri olsa da.

Rusiya anlayır ki, Azərbaycanın olmadığı bir qurumdan SSRİ qayırmaq mümkün olmayacaq. Şübhə yox ki, Soşi görüşündə Putun Azərbaycan dövlətindən istədiyini ala bilməyib, nə Qarabağ, nə Gömrük İttifaqı məsələsində. Odur ki, sərt cavab tədbirinin işə salınacağı şübhəsizdir. Bu, Qarabağ cəbhəsində də ola bilər, digər separatizm ocaqlarının çatılması ilə də, başqa dilə gətirmək istəmədiyim addımlarla da.

İndiki situasiyada narahatedici başqa məqam da var. Görünən budur ki, Azərbaycanın şimal təhlükəsindən xilası heç də Qərbin əlində deyil. Qərb xilas etsəydi, elə İraqda İŞİD-in qırdığı azərbaycanlıları xilas edərdi. Ən heyrətamiz olanı budur ki, bu gün bir-biri ilə düşmən münasibətində olan Rusiya-Avropa-Amerika Azərbaycan məsələsində eyni mövqedə dayanır.

Fakt: Həsən Həsənov adlı həmvətənimiz Kəlbəcərə getmişdi, orda qətlə yetirildi. Üstəlik, erməni Dilqəm Əsgərov və Şahbaz Quliyev indiyədək işgəncə altında girov saxlayır. Heç bir reaksiya yoxdur. Amma erməni diversant Karen Petrosyan ürək tutmasından öləndən sonra ABŞ Dövlət Departamenti və Fransa XİN-dən etiraz gəldi. Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç də məsələsini diqqətlə araşdırmağa çağırıb. Sonra da tərəfləri meyitlərin qaytarılması haqqındakı 2010-cu ilin 27 oktyabr bəyanatına diqqət çəkib.

Nə oldu, azərbaycanlılar qətlə yetiriləndə, meyiti düşmən əlində qalanda heç bunlar yada düşmürdü? Qarabağa münasibətdə vəziyyət Vəfa Quluzadənin dediyi kimidir, xristian təəssübkeşliyi öz sözünü deyir. Münasibətləri düşmənçilik həddinə çatsa da, Qarabağ onları birləşdirir. İqtidarlı-müxalifətli Azərbaycan ictimaiyyətini birləşdirə bilməyən Qarabağ...Necə ki, illər öncə BMT Baş Assambleyasındakı səsvermdə Azərbaycanın ərazi bütövlüyünə bitərəf qalmışdılar. Bu gün isə faktiki tərəfə çevriliblər - Ermənistan tərəfə...
Məncə, Azərbaycan daxilində vəziyyətin ciddi şəkildə təhlilinə, vətəndaş birliyinin təmin olunması üçün ciddi addımların atılmasına ehtiyac var. Yoxsa biriləri İŞİD-ə qoşulub soydaşlarını qırır, başqaları Əsəd dəstəsinə pənah aparır, digərləri uzaqdan Azərbaycanı hədələyir. Bu, cəmiyyətin parçalanmasının, ölkədə yadların təbliğatının üstünlük təşkil etməsinin məntiqi nəticəsidir. Əgər işğaldakı 20 faizi Vətənimizə birləşdirmək istəyiriksə, öncə 80 faizin birliyinə nail olmalıyıq. Sonra gec ola bilər. Naxçıvanda İlqar Nəsibovun qanlı sifətinə baxanda ilk düşündüyüm İŞİD oldu. Deyəsən, bizim də içimizdə İŞİD-çilik yetişir. Çox təhlükəli tendensiyadır. Çalışaq işıq gələn tərəfə gedək, İŞİD gələn tərəfə yox...