Amerikalı publisist: ““Azadlıq radiosu”nun Azərbaycandakı fəaliyyətinə yenidən baxılmalıdır”

"ABŞ Konqresi vergi ödəyicilərinin pullarının müttəfiq xalqlara hücum üçün istifadə edilməsini dayandırmalıdır".

APA-nın "Roll Call" saytına istinadən verdiyi məlumata görə, bu tələblə tanınmış amerikalı publisist Maayan Yaffe son məqaləsində çıxış edib.

M.Yaffe qeyd edib ki, ABŞ administrasiyası tərəfindən "Azadlıq radiosu" və "Amerikanın səsi" layihələrinə hər il 750 milyon dollar xərclənir: "Lakin onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar münasibətləri barədə danışmaq əvəzinə, bu dəyərləri bölüşən, qəbul edən müttəfiq dövlətlərə hücum edirlər".

O, baş müfəttiş tərəfindən "Azadlıq radiosu"nun "disfunksional" kimi dəyərləndirildiyini deyib və qeyd edib ki, münasibətləri yaxşılaşdırmaqda və demokratikləşmə prosesində radionun işi səmərəsizdir: "Lakin hələ də Konqresin bu barədə bir qərarı yoxdur".

M.Yaffi "Azadlıq radiosu"nun Azərbaycandakı fəaliyyətindən söz açaraq, Azərbaycanda haqda bildiklərini bölüşüb: "Bu ölkədə tolerant cəmiyyət olduğunu bilirik. ölkə Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulub, Dövlət Neft Fondu dünyada ən yaxşı idarə olunan təşkilatlardan hesab olunur. Azərbaycan NATO-nun Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyasında iştirak edib".

Publisist Azərbaycanın Qərb dəyərlərinə üstünlük verən ilk müsəlman ölkəsi kimi tanındığını, lakin cəmi 23 ay müstəqillikdən sonra Sovet qoşunları tərəfindən ilhaq olunduğunu, Ermənistanın isə Moskvanın köməyi ilə Dağlıq Qarabağı tədricən işğal etdiyini qeyd edib: "Azərbaycan qadınlar üçün azad və dini azlıqlar üçün açıq cəmiyyətə əsaslanır. Lakin "Azadlıq radiosu"nun layihələri bu ölkə haqda diqqətsiz və qərəzli mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək "Azadlıq radiosu"nda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində "Azərbaycanlılar "İran casusu" kimi ömürlük həbsə məhkum edildi" kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur. Senator Rocer Uaker bu yaxınlarda demişdi ki, ABŞ-ın Xəzər regionunda Azərbaycan kimi sabit müttəfiqi var. O, Azərbaycanın kommunist üsul-idarəsindən bazar iqtisadiyyatına keçməsinə toxunmuşdu. Konqres üzvləri bu sözləri təkrarlamaq əvəzinə, "Azadlıq radiosu"nun fəaliyyətinə yenidən baxmalıdırlar. Nə qədər ki, Konqres "Azadlıq radiosu"na istədiyini dərc etməyə imkan verir, Yaxın Şərqdə hava hücumlarına cəlb olunmuş və Orta Şərqdə münasibətləri pisləşən ABŞ-dan müttəfiq ölkələr də uzaqlaşacaq".

AzNews.az