- Köhnə - Siyasət
- 1 Sentyabr 2014 14:43
- 2 429
Əbülfəs Qarayev beynəlxalq təşkilatları ittiham etdi
Nazir qeyd edib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşilikləri barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırılıb: "Hər dəfə də beynəlxalq təşkilatlar bu məsələyə çox diqqətlə yanaşır və Azərbaycanın mövqeyinə hörmət göstərirlər. Lakin bu gün həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunur. Lakin bizim verdiyimiz təkliflərlə bədnam qonşularımız tərəfindən irəli sürülən təkliflər üst-üstə düşmür. Ona görə də həm YUNESKO, həm Avropa Şurası, həm də digər təşkilatların bölgəyə faktaraşdırıcı missiyalarını göndərməsi, burada tarixi-mədəni abidələrin dağıdılmasının hansısa yolla müəyyənləşdirilməsi, onların dağıdılmasının qarşısının alınması və digər bu kimi təşəbbüslər həmişə qarşı tərəfin müqaviməti ilə rastlaşır".
Ə.Qarayev bildirib ki, Azərbaycan bəyan edir ki, bu kimi araşdırmalar üçün tam açıqdır: "Biz deyirik ki, Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq".
AzNews.az