Bakı 2015 Avropa Oyunları bu gün Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında ilk saziş bağlayıb. Bakı 2015 Avropa Oyunları bu gün Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında ilk saziş bağlayıb.

Bakı 2015-i yayımlayacaq televiziya kanalı bəlli oldu

Bakı 2015 Avropa Oyunları bu gün Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında ilk saziş bağlayıb.

APA-nın xəbərinə görə, sazişə əsasən, NTV Spor kanalı bütün Türkiyə ərazisində I Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.

NTV Spor kanalı televiziya, internet və mobil platformalar üzərindən hər gün Oyunların yeddi saat təqdimatını keçirəcək. Həmin yeddi saatdan böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq: "Beynəlxalq İdman Yayımı Şirkəti ilə yanaşı çalışaraq ev sahibi olan yayım şirkətimiz NTV Spor kanalı mümkün qədər çox idman azarkeşinin bir sıra media platformaları üzrə ətraflı yayımdan faydalanmasını təmin edəcək".

Türkiyədə böyük idman tədbirlərini yayımlayan NTV Spor kanalı Avropa Oyunlarında oynanılan hər bir idman növünün keyfiyyətli şəkildə təqdim edilməsinə xidmət edəcək.

"Doğus Media Group"un İdman Qrupunun prezidenti Fuat Akdağ bildirib ki, bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir: "Biz bütün Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və Bakı 2015 ilə işləməyi səbirsizliklə gözləyirik".

Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan əlavə edib: "Bu saziş Türkiyənin hər yerindəki idman azarkeşlərini bir araya gətirəcək və bütün Türkiyə xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq. Biz hər zaman yaxın qonşumuz olan Azərbaycanla güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə bu tarixi əlaqəni daha da möhkəmləndirəcək".

NTV Spor kanalı Türkiyənin ən böyük media konqlomeratlarından birinin bir hissəsi olan Doğus Media Group-a məxsusdur.

Beynəlxalq İdman Yayımı Şirkəti Oyunlar müddətində 800 saatdan artıq canlı, müasir televiziya təqdimatı nümayiş etdirəcək.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı, qitədə ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və dördü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəklində Oyunları təşkil və idarə edəcək.

AzNews.az