- Hadisə
- 16 Dekabr 09:29
- 1 637
ICESCO və Azərbaycanın təşkilatçılığı ilə Mərakeşdə beynəlxalq konfrans keçiriləcək
Mərakeşin Rabat şəhərində dekabrın 17-də “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, konfrans komitə, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycanın Mərakeşdəki Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bildirilib ki, tədbirdə müxtəlif cəmiyyətlərdə sülh və birliyin möhkəmləndirilməsinə dini dəyərlərin təsiri, dini dözümlülüyə maneələrin aradan qaldırılması yolları, dinlərarası harmoniyaya dəstək verə biləcək təşəbbüslərlə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, Azərbaycanın dini tolerantlıq modeli və birgəyaşayış ənənələrini təmin edən qanunvericilik bazası haqqında da məlumat veriləcək.
Konfransda Azərbaycan və Mərakeşin dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatlar, diplomatik korpus və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrini, tarixi və dini abidələrini əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı fotosərgi nümayiş etdiriləcək.