Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Baş katibi Antoniu Quterreşi mülki əhaliyə təhlükə yaradan, regionların bərpasını ləngidən və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olan genişmiqyaslı mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb.

Bunu diplomat dünya təşkilatının başçısına ünvanladığı 12 dekabr 2024-cü il tarixli məktubunda bildirib.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycan erməni işğalının onilliklərlə davam edən nəticələri ilə üzləşir. Azad edilmiş ərazilərdə mülki şəxslər, hərbçilər, sülhməramlılar və humanitar işçilər üçün təhlükə yaradan 1,5 milyondan çox mina və digər partlayıcı qurğular aşkar edilib.

“Ermənistanın hərbi təcavüzü nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub, 700 mindən çox insan öz evlərini tərk etməyə məcbur qalıb və ölkənin suveren ərazisinin böyük bir hissəsi təxminən 30 il ərzində qanunsuz işğal altında qalıb”, – diplomat müraciətində bildirib.

Münaqişə dövründə 359 uşaq və 38 qadın olmaqla 3 461 ölkə vətəndaşı minalardan zərər çəkib. Münaqişə başa çatdıqdan sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib ki, onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə ağır yaralanıb. Mina çirklənməsi problemi infrastrukturun bərpası layihələrinin həyata keçirilməsini və təxminən 700 min məcburi köçkünün qayıdışını çətinləşdirir.

Y.Əliyevin sözlərinə görə, minalar təkcə keçmiş cəbhə xəttinin yaxınlığında deyil, həm də yaşayış məntəqələrində, qəbiristanlıqlarda və mədəni obyektlərdə yerləşdirilib ki, bu da dinc əhaliyə maksimum ziyan vurur. O vurğulayıb ki, Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq humanitar hüquq normalarına, o cümlədən yaşamaq və sərbəst hərəkət etmək hüququna ziddir.

Azərbaycan humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edərək onu 18-ci məqsəd kimi müəyyən edib. Diplomat beynəlxalq ictimaiyyəti dinc əhalinin təhlükəsizliyini və azad edilmiş ərazilərin dayanıqlı inkişafını təmin etmək üçün Ermənistana mina sahələri barədə tam məlumat verməsi üçün təzyiqləri artırmağa çağırıb.

Xatırladaq ki, dekabrın 20-də Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdı.