Ermənistan Qarabağda ölən yaşlı erməninin cənazəsini qəbul etməkdən imtina edir

Ermənistan oktyabrda Xankəndidə vəfat etmiş yaşlı erməninin cənazəsini qəbul etməkdən imtina edir. Əgər erməni tərəfi yanvarın sonuna qədər qadının cənazəsini qəbul etməsə, o, Azərbaycanda dəfn olunacaq. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.

"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, Xankəndi sakini, 70 yaşlı etnik erməni Vera Varaşakovna Ağasyan 20 oktyabr 2024-cü il tarixində öz evində vəfat edib. Məhkəmə-tibbi ekspertizanın nəticəsinə görə, qadının ölümünə ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı səbəb olub.

Dövlət Komissiyası qadının ölümü ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyini məlumatlandırıb, bu barədə Ermənistanın aidiyyatı dövlət qurumlarının və Ağasyanın ailə üzvlərinin məlumatlandırılmasını xahiş edib.

Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, cənazənin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə rəsmi müraciət edib.

Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınıb, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (apostil verilib) təsdiq edilib.

Ağasyanın cənazəsinin 29 və ya 30 oktyabr tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyatı dövlət qurumlarına təhvil verilməsi planlaşdırılıb və görülmüş tədbirlər barədə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə qarşı tərəfə məlumat göndərilib.

Lakin müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddətdə məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib.

Azərbaycan tərəfi hesab edir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının ana vəfat etdikdən sonra dəfn olunması üçün cənazənin Ermənistana təhvil verilməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsidir. Belə ki, Ermənistan tərəfi ehtimal edib ki, Azərbaycan Ağasyanın cəsədini qarşı tərəfə verməkdən imtina edə bilər və bu faktdan COP-29 öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər, məlumatda deyilir.

Azərbaycan Ağasyanın cəsədinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

Dini adətlərə, o cümlədən aidiyyatı mütəxəssislərin elmi rəylərinə əsasən, insan cəsədinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvarın sonunadək Ermənistan tərəfi Ağasyanın cəsədini qəbul etməyəcəyi halda, o, Azərbaycan ərazisində dəfn ediləcək, məlumatda deyilir.

AzNews.az