- Hadisə
- 8 Yanvar 16:23
- 1 048
İcma Ermənistanı substantiv dialoqa çağırıb
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistandan yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələbləri ilə bağlı İcma ilə substantiv dialoqa başlamağı tələb edib.
Bu barədə QAİ bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Ermənistan hökumətinin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır:
“Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir. İcma Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini və qayıdışa sülh yolu ilə nail olmaq istədiyini dəfələrlə bildirib. A. Mirzoyanın Baş nazir Nikol Paşinyanın 2023-cü ilin iyul ayının 25-də verdiyi bəyanatında olduğu kimi, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə bağlı aşağıdakıları bildiririk:
Əvvəla, qeyd edilməlidir ki, kompensasiya hüquq pozuntusunun və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüz minlərlə insanın cəmi iki həftə ərzində öz evlərini qışın soyuğunda kütləvi şəkildə həqiqətən könüllü şəkildə tərk edibsə, onda onlara niyə “təzminat” təklif edilib?
İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.
Nəhayət, Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir".
Bəyanatda qeyd olunub ki, A.Mirzoyanın açıqlamasında Ermənistanın siyasi isteblişmenti elə Levon Ter Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın dönəmində olduğu kimi, Azərbaycan xalqına nifrətdən əl çəkə bilmir və bu, onların “demokratiya”, “insan hüquqları” barədə yalandan səsləndirdikləri fikirlərlə tam ziddiyyət təşkil edir:
"Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir".