- Hadisə
- 13:30
- 944
Azərbaycan tullantı suyunun istifadəsinə dair yeni dövlət standartını qəbul edib
İqtisadiyyat Nazirliyi yannda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 16075-1:2024 “Təmizlənmiş tullantı sularının suvarma layihələrində istifadəsi üzrə təlimatlar. Hissə 1: Suvarma üçün suyun təkrar istifadə layihəsinin əsas prinsipləri” yeni dövlət standartını qəbul edib.
AzNews.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövlət standartının qəbulu sərbəst və məhdud suvarma üçün təmizlənmiş tullantı sularından istifadə məqsədilə hazırlanan layihələrin bütün elementləri, o cümlədən materiallar, tikinti və fəaliyyətlə bağlı təlimatların verilməsi məqsədini daşıyır.
Yeni dövlət standartı 2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.4.3-cü bəndinin, həmçinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış Komissiyanın “Ölkə ərazisində təmizlənmiş tullantı sularının təkrar istifadəsi ilə bağlı keyfiyyət tələblərini müəyyən edən dövlət standartı layihəsinin işlənib hazırlanaraq təsdiq edilməsi”nə dair tapşırığının icrası, su təchizatı, meliorasiya, irriqasiya sistemləri, yağış və tullantı sularının axıdılması sahəsində fəaliyyətlərin və xidmətlərin müasir standartlarla təmin edilməsi məqsədilə qəbul edilib.
Sözügedən dövlət standartı “Su ehtiyatları və meliorasiya sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) iclasında müzakirəyə çıxarılıb və İnstitut onu qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.