- Hadisə
- 29 Yanvar 09:16
- 1 761
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub
Dünya Bankı Qrupunun (DBQ) Direktorlar Şurası bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə edib.
ÖTÇ növbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, daha yaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısında duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək.
Bu strategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığın artırılması və daha yaxşı məşğulluq, iqtisadiyyatın dayanıqlığı, dözümlülüyünün artırılması. ÖTÇ Azərbaycanda xüsusən aşağıdakıları dəstəkləyəcək:
Biznes mühitinin təkmilləşdirilməsi və daha çox, daha yaxşı məşğulluq imkanları, o cümlədən, iş yerlərinin yaradılmasına, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, davamlı, yaşıl maliyyəyə diqqət yetirməklə maliyyə resurslarına çıxışın genişləndirilməsi, qadın sahibkarlara və həssas qruplara dəstək vasitəsilə inklüzivliyin təşviq olunması.
Nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, o cümlədən, ticarət və tranzit üçün Orta Dəhlizin inkişaf etdirilməsi, rəqəmsallaşdırma və rəqəmsal bağlantıların təkmilləşdirilməsi, süni zəka kimi yeni texnologiyaların tətbiqinin təşviq olunması.
Bərpaolunan energetikaya keçidin sürətləndirilməsi, o cümlədən, enerjinin ötürülməsi infrastrukturunun gücləndirilməsi, bərpaolunan energetika layihələrinə, batareya saxlanclarına özəl investisiyaların cəlb olunması və yaşıl energetika dəhlizlərinin təşviq olunması.
İqlim dəyişmələrinə uyğunlaşmanın genişləndirilməsi, o cümlədən, yaşıl binalar da daxil olmaqla iqlim dəyişimlərinin təsirinə dözümlü şəhər ekosistemləri, iqlim baxımdan ağıllı kənd təsərrüfatı praktikaları, habelə özəl sektorun iştirakı da daxil olmaqla su təhlükəsizliyi və səmərəliliyi.
“Bu ÖTÇ Azərbaycanın daha dayanıqlı və firavan gələcəyə doğru transformasiyasını dəstəkləmək öhdəliyimizi əks etdirir”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister deyib. “Əminik ki, tərəfdaşlığımız Azərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa kömək edəcək”, - o əlavə edib.
BYİB, IFC və MIGA arasında əməkdaşlıq ÖTÇ-nin məğzini təşkil edir. O, investisiyalar və məsləhət xidmətlərinin kombinasiyası vasitəsilə həyata keçiriləcək. DBQ həmçinin inkişafa təsiri maksimum dərəcədə artırmaq üçün digər inkişaf tərəfdaşları və özəl sektorla sıx işləyəcək.
"IFC Azərbaycanda davamlı inkişafa sadiqdir. Bu məqsədlə o, infrastruktur, enerjiyə çıxış, yaşıl maliyyə, kənd təsərrüfatı, su, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorları gücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səylər iqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviq etmək məqsədi daşıyır”, - IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.
ÖTÇ Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklik kimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan Dünya Bankının Təkamül Yol Xəritəsinə uyğundur.
Xatırladaq ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. Həmin ildən indiyədək Dünya Bankı ölkəni iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş 50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycan həmçinin potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanmışdır.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. O vaxtdan bəri IFC Azərbaycana təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub, və maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-a yaxın layihəni maliyyələşdirib. O, həmçinin, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta sahibkarlıq, aqrobiznes sahələrində məsləhət xidmətləri göstərib.
AzNews.az